Prezident İlham Əliyevin səyləri nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni mərhələdə uğurla davam edir

Ümummilli lider Heydər Əliyev dünyada güclü Azərbaycan diasporunun formalaşmasının memarıdır. Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin səyləri nəticəsində isə bu gün diaspor təşkilatlarının fəaliyyəti yeni mərhələdə uğurla davam edir.

Bu fikri AZƏRTAC-a Prezident İlham Əliyevin təsis etdiyi “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov söyləyib.

“Azərbaycan Prezidentinin diaspor qarşısında qoyduğu yeni tələblərə əsaslanaraq fəaliyyətimizi daha da gücləndirməliyik və qlobal çağırışlara cavab verməliyik. Ukraynada Azərbaycan diasporu istər təşkilatlanma, istər müxtəlif sahələrdə qazandığı uğurlar baxımından ən güclü diasporlardan biridir. Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə təltif olunmağım bu sahədə daha effektli fəaliyyət göstərmək məsuliyyətimi artırır”, - deyə Murad Cəfərov əlavə edib.

Onun sözlərinə görə, bu gün dünyada olan soydaşlarımız qalib sərkərdə kimi tarixə düşən Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşərək ölkəmizin güclənməsində öz töhfəsini verir. Azərbaycan Prezidentinin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib. İndi qalib xalqın diasporu kimi fəaliyyətimizin yeni mərhələsi başlayıb.

Xudaferin.eu

15:27