Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi Türkiyədə böyük coşqu ilə qarşılanıb

Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi barədə xüsusi reportaj yayımlayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Yeni ilin “Şuşa İli” elan olunması qardaş Türkiyədə böyük coşqu ilə qarşılanıb. “TRT Haber” telekanalının Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti əsasında hazırladığı reportajda 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin nəticələrindən bəhs olunub. İşğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi və həmin bölgədə aparılan tikinti-quruculuq işlərinə dair görüntülərin yer aldığı reportajda, həmçinin ötən il iyunun 15-də imzalanan Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti “TRT Avaz”, “Haber Global” və Türkiyənin digər nüfuzlu media quruluşları tərəfindən də geniş işıqlandırılıb.

 

Sabir Şahtaxtı

Xudaferin.eu

14:32