Prezident İlham Əliyev: Yeni dövrün yeni hədəfləri olmalıdır

“Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır.

Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 133-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində söyləyib. Üç saata yaxın davam edən müsahibədə Prezident İlham Əliyev jurnalistlərin 20-dək istiqamət üzrə suallarını cavablandırıb. Müsahibənin tam mətni ilə çoxcildliyin yeni kitabında tanış olmaq mümkündür.

Kitabda toplanmış materiallar 2023-cü ilin dekabrından 2024-cü ilin fevralınadək olan dövrü əhatə edir.

Yeni nəşrdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səsvermədə iştirakına və inamlı qələbəsinə dair materiallar, müstəqilliyimiz dövründə ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilmiş prezident seçkilərində qazandığı qələbə münasibətilə göndərilmiş təbrik məktubları verilib. Bu təbriklər sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Rusiya Prezidenti Vladimir Putinin, Çin Xalq Respublikasının Sədri Si Cinpinin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Serbiya Prezidenti Aleksandar Vuçiçin, İran Prezidenti Seyid İbrahim Rəisinin, Belarus Prezidenti Aleksandr Lukaşenkonun, Tacikistan Prezidenti Emoməli Rəhmonun və digər dövlət başçılarının məktubları yer alıb.

Prezident İlham Əliyev yanvar ayında Lənkəranda və Neftçalada səfərlərdə olub. Səfər zamanı dövlətimizin başçısı “Lenk Fruit” MMC-nin Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub. Həmçinin Lənkəran regional “ASAN xidmət” Mərkəzinin açılış mərasimində iştirak edib, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılmış şəraitlə, “Laran” MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident Neftçalada içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib. Bütün bunlara dair materiallar 133-cü kitabda yer alıb.

Kitabda Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla, Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti və digər yüksək səviyyəli qonaqlarla görüşləri haqqında informasiyalar verilib.

Yeni kitaba Prezidentin Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya yeni qəbul edilmiş “Akıncı” hücum PUA-larının uçuşlarını izləmə mərasimində iştirakına aid material da daxil edilib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətinin mətni də bu nəşrdə yer alıb.

“Azərnəşr” tərəfindən buraxılan 133-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Xudaferin.eu

13:13