Prezident İlham Əliyev Ukraynanın Müstəqillik Günü münasibətilə həmkarı Volodimir Zelenskini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hisslərinin dövlətlərarası əlaqələrimizi və əməkdaşlığımızı şərtləndirən başlıca amillərdən olduğu qeyd olunur. Vurğulanır ki, diplomatik münasibətlərimizin qurulduğu ötən otuzillik dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın dinamik və ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.
“Cari ilin yanvarında Ukraynaya etdiyim işgüzar səfəri, Sizinlə görüşümüzü və apardığımız danışıqları xoş təəssüratlarla xatırlayır, bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab edirəm.
Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”, - deyə məktubda vurğulanır.
Prezident İlham Əliyev əmin olduğunu bildirir ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığıq xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək.

Xudaferin.eu

20:43