Prezident İlham Əliyev Məhəmməd bin Zayed Al Nəhyanı BƏƏ-nin Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu, ölkənizdə Sizə olan böyük etimadın təzahürü, Birləşmiş Ərəb Əmirliklərinin inkişafı və çiçəklənməsi yolunda xidmətlərinizə verilən yüksək qiymətdir”.

Ölkəmizin Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, bu il ikitərəfli əlaqələrimizin tarixində əlamətdar ildönümü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. “Məmnunluqla vurğulamaq istəyirəm ki, bu dövr ərzində siyasi əlaqələrimizin yüksək səviyyəsi qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin genişlənməsində mühüm rol oynamış, iqtisadi, enerji, investisiya və digər sahələrdə uğurlu əməkdaşlığımızı şərtləndirmişdir.

İnanıram ki, İslam həmrəyliyi kimi möhkəm təməl üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xudaferin.eu

13:28