Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Kasım-Jomart Tokayevi təbrik edib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, təbrik məktubunda səsvermənin nəticələrinin qazax xalqının Kasım-Jomart Tokayevə olan böyük inam və etimadının bariz təzahürü, onun qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinə verilən yüksək qiymət olduğu vurğulanıb.

Qeyd olunub ki, qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

“Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.

Xudaferin.eu

21:57