Prezident İlham Əliyev: Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur

Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, ötən dövr ərzində dostluq əlaqələrimiz inkişaf edib, iqtisadiyyat, energetika, investisiya, maliyyə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız genişlənib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlandığı təbrik məktubunda bildirilir. Dövlətimizin başçısı qeyd edir ki, Yaponiyanı təmsil edən şirkətlər ölkəmizdə bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər. Eyni zamanda, əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda səmərəli işbirliyimiz təqdirəlayiqdir.

Məktubda daha sonra deyilir: “Bu gün ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Yaponiya ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişafına və möhkəmlənməsinə nail olacağıq”.

Xudaferin.eu

15:54