Politoloq: Türkiyə-Azərbaycan bir yerdə inamla addımladıqca, bölgəmizdə sülh və barış da o qədər möhkəm olacaq

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tədricən nüfuzlu beynəlxalq təşkilatların fəal üzvlərindən birinə çevrildi. Ölkəmiz beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdikcə tədricən nüfuzlu təşkilatların tədbirlərinin keçirildiyi məkan oldu. Dünya birliyinin ölkəmizə göstərdiyi bu etimad respublikamızda yaradılmış davamlı sabitliyin, eyni zamanda, Prezident-xalq vəhdətinin nümunəsi idi. Hətta dünyanı pandemiya xofu bürüdüyü bir zamanda da dövlətimizin başçısının təşəbbüsü ilə videoformat şəklində bir sıra beynəlxalq səviyyəli mühüm əhəmiyyətli tədbirlər keçirildi. Bu gün respublikamız mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi ənənəsinə sadiqliyini yenə də nümayiş etdirir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bu ənənənin davamıdır.

Bu fikirləri AZƏRTAC-a politoloq Səhər İsmayılova söyləyib.

O, Azərbaycan Ordusunun Ermənistanın 30 illik işğalına son qoymasından sonra da ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi ənənəsinə sadiqliyini nümayiş etdirdiyini diqqətə çatdırıb. Politoloq deyib: “Respublikamız daha bir əhəmiyyətli, necə deyərlər, səsli-sədalı tədbirə - “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalına ev sahibliyi etdi. Bakıda ilk dəfə keçirilən bu festival dünyanın diqqət mərkəzində idi. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğanın festivalının keçirildiyi məkana gəlməsi tədbirin əhəmiyyətini daha da artırdı. Bu, həm də Türkiyə-Azərbaycan dostluğunun dünya üçün daha bir nümunəsi idi. Bununla həm də dünya bir daha türkün gücünü gördü”.

S.İsmayılova deyib ki, Türkiyə-Azərbaycan bir yerdə inamla addımladıqca, bölgəmizdə sülh və barış da o qədər möhkəm olacaq. Dünya şahid oldu ki, iki dost və qardaş ölkələrin kədəri də, sevinci də birdir. Biz sözdə deyil, əməldə də qardaş olan iki dövlət və iki xalqıq. Festivalda çıxış edən prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkənin dostluq və qardaşlığını əks etdirən əhəmiyyətli mesajlar səsləndirdilər. Bu tədbirin Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ərəfəsində keçirilməsi də mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısının çıxışındakı bəzi məqamları diqqətə çatdıran politoloq deyib: “Prezident İlham Əliyev müstəqilliyimizin bərpasının 30 illik tarixi ərzində Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirib: “Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.... Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.

S.İsmayılova İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” - sözlərini xatırladıb. Vurğulayıb ki, bu qətiyyətli sözlər ölkəmizə güc, ruh, inam verdi. Düşmən üzərindəki şanlı Qələbəmizdən sonra da dünya Azərbaycan-Türkiyə birliyinin şahidi oldu. Bu birlik 2021-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdirildi. Həmin paradda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı ilə çiyin-çiyinə dayanmışdı. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha birliyimizin, dostluğumuzun və qardaşlığımızın təntənəsi idi. “İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Qardaş ölkə Prezidentinin Füzulu Beynəlxalq Hava Limanının açılışında iştirakı, Şuşada və Cıdır düzündə keçirilən tədbirlərdə iştirakı, həmçinin müstəqillik tariximizin yaddaşına əbədi həkk olunmuş tarixi Şuşa Bəyannaməsini imzalayaraq, iki ölkənin bundan sonra da yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcəyinin əyani təzahürüdür. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”, - deyə politoloq bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da çıxışından önəmli mesajları xatırladıb. Qeyd edib ki, dost ölkənin başçısı Şuşa Bəyannaməsinin qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını vurğulayıb. İki ölkə arasında enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatıb.

Xudaferin.eu

16:36