Politoloq: Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi bərabər, ədalətli, qarşılıqlı şəkildə yanaşmanı nəzərdə tutur

Müasir siyasi münasibətlər sistemində hər bir dövlət üçün onun beynəlxalq təşkilatlarla və dövlətlərlə əməkdaşlığı, münasibətləri olduqca vacibdir. Dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərlə yanaşı, ayrı-ayrı təşkilatlarla da həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq trayektoriyasının düzgün qurulması ölkəmizin gələcək çağırışları dəf etməsi baxımından önəmli amillərdəndir. Son dövrlərdə dünyanın müxtəlif ölkələrində, eyni zamanda, MDB məkanında baş verənlər onu göstərir ki, həqiqətən də müasir xarici siyasət davranışında düzgün qərarvermə ciddi nüanslardandır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verməyə başladı. Çünki məlum məsələdir ki, bizim Qarabağ, Şərqi Zəngəzur kimi problemlərimiz var idi. Erməni diasporunun həm beynəlxalq təşkilatlar, həm də müxtəlif dövlətlər səviyyəsində Azərbaycana qarşı apardığı təbliğatın şahidi olurduq. İndi də bu cür davranışlar fərqli situasiyalarda davam etməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov ifadə edib.

O bildirib ki, Azərbaycanın 2021-ci ildə beynəlxalq təşkilatlarla münasibətlərinə nəzər salsaq görərik ki, hazırda ölkəmizin həmin qurumlarla əməkdaşlığının fəlsəfəsi bərabərhüquqlu, qarşılıqlı əməkdaşlıqdan ibarətdir. Təsadüfi deyil ki, MDB dövlətləri bu və ya digər təşkilatlarla münasibətlərdə tələskənlik nümayiş etdirirlər. Həmin dövlətlər, əslində, öz maraqlarından çox həmin təşkilatların maraqlarına uyğun münasibətlər qururlar. Azərbaycan isə bütün istiqamətlər üzrə xarici siyasətini bəyan edib. Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi bərabər, ədalətli, qarşılıqlı şəkildə yanaşmanı nəzərdə tutur. Eyni zamanda, bizim xarici siyasətimiz Azərbaycan xalqının maraqlarına ən üst dərəcədə cavab verməlidir.

“Son illərə nəzər salsaq görərik ki, dövlətimizin başçısının apardığı xarici siyasət nəticəsində Azərbaycan böyük işlərə imza atıb. Qoşulmama Hərəkatı tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidentinin təşkilata rəhbərlik etdiyi zamanda yaşaması heç kimə sirr deyil. Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi vaxtdan bəri ölkəmiz böhranın aradan qaldırılması məqsədilə vaksinlərin ədalətli, bərabər paylanması ilə bağlı müxtəlif təşəbbüslər irəli sürdü. Bu təşəbbüslər də təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə ötən ilin dekabrında BMT Baş Assambleyasında qəbul olundu. Bu gün pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi” hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər olunması sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi fonunda ölkəmizin yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Xüsusilə son illərdə Qoşulmama Hərəkatının sədri kimi rəsmi Bakı həmin təşkilatın bir çox üzv ölkələrinin üzləşdiyi çağırışları dünya ictimaiyyətinə çatdırdı. Qoşulmama Hərəkatının ən fəal dövrü onun yarandığı illər hesab edilir. Son illərdə isə Azərbaycanın Qoşulmama Hərəkatına yeni nəfəs gətirməsi dünya dövlətləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirildi. Bundan başqa, 2021-ci ildə istər MDB, istər Avropa İttifaqı, istər də NATO, həmçinin digər təşkilatların rəhbər şəxsləri ilə bir neçə dəfə görüşlər keçirildi. Onlardan ən yaddaqalanı NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən görüş oldu. Həmin görüşdə NATO-nun yeni yaranan reallığı qəbul etməsi, əslində, Ermənistanın işğalçı dövlət kimi tanıması anlamına gəldi. Çünki Ermənistan bütün beynəlxalq platformalarda Azərbaycana təzyiqlərin olacağını düşünürdü. Həmçinin ölkəmizin Qələbəsinin qəbul olunmayacağını da düşünürdü. Amma müharibənin bitməsindən keçən bir ildən çox zaman ərzində Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət və geoiqtisadi reallıq bütün tərəflər, dövlətlər və təşkilatlar tərəfindən qəbul edildi. Məhz yaranan reallıq əsasında ölkəmiz bu gün yeni siyasi əlaqələrin qurulmasının əsasını qoydu”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

23:27