Politoloq: Hər bir dünya azərbaycanlısı Prezident İlham Əliyevin “dəmir yumruğu”nun ayrılmaz parçasıdır

Bu gün dünyada bir çox münaqişələr və onların həlli təkcə təhlükəsizlik məsələlərinə deyil, həm də etnik və milli icmaların müəyyənləşdirilməsinə, onların güclərinin konsolidasiya edilməsinə aiddir. Suveren sərhədlər və ərazi təhlükəsizliyi məsələlərindən əlavə, münaqişələr insanların həyatına da birbaşa təsir göstərir və münaqişədə iştirak edən insanlarla eyni etnik kökləri, əlaqələri paylaşan uzaq ölkələrdə yaşayan diaspor icmaları da bu məsələdə bilavasitə iştirakçı qismində çıxış edirlər. Beləliklə, münaqişələrin həlli çox vaxt münaqişə arenasının bilavasitə coğrafi sərhədlərindən kənarda olan auditoriyaya müraciət etməyi tələb edir. Özündə, sadəcə, qədim kök və dövlətçilik ənənəsini daşıyan xalqlar deyil, bununla yanaşı, qarşılaşmış olduğu çətinliklər, məruz qaldığı təqiblər, soyqırımları nəticəsində milli yaddaşa malik olan xalqların da səsi-ünü sərhədləri aşır. Vətən uğrunda gedən müharibələrin qələbə ilə yekunlaşmasında və münaqişənin həllində diaspor o qədər güclü rol oynayır ki, liderlərdən də diasporun üstünlüklərini düzgün dəyərləndirmək tələb olunur. Bu düzgün dəyərləndirmə və uzaqgörən siyasət Azərbaycan xalqının milli maraqlarının hər zaman ən yüksək səviyyədə təmin olunması istiqamətində əməli addımlar atan ümummilli lider Heydər Əliyev siyasətinin ayrılmaz bir parçası oldu. Ölkəmizdə milli diaspor fəaliyyətinin təməli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ümummilli lider Heydər Əliyev tərəfindən 1991-ci il dekabrın 16-da imzalanan “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarla qoyuldu. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş nöqtəsi ilə müşahidə olundu. Milli diaspor quruculuğu işində ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncamı əhəmiyyətli addım oldu. Bu Sərəncama əsasən, həmin il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I Qurultayı keçirildi və orada Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi. Tarixi əhəmiyyətə malik olan bu qurultay dünyada yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək təşkilatlanması işində əhəmiyyətli rol oynamaqla yanaşı, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova ifadə edib.

Politoloq bildirib ki, 2002-ci il iyulun 5-də ulu öndər Heydər Əliyev "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi ki, məhz bu addım dünya azərbaycanlılarının təşkilatlanması prosesinin daha da gücləndirilməsinə, vahid amal uğrunda birləşməsinə böyük təkan verdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi xətti 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək davam etdirildi. Bu mütərəqqi xətt diaspor siyasətinə də olduqca müsbət təsir etdi və Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

“Böyük fəxr və qürur hissi ilə deyə bilirik ki, Vətən müharibəsində 44 günün hər dəqiqəsi Azərbaycan xalqının qəhrəman oğulları döyüş meydanında zəfər tarixi yazırdısa, dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar gecə-gündüz demədən müxtəlif ölkələrin böyük şəhərlərinin küçələrində əllərində Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq o bayrağın Vətən torpaqlarımızda gənc oğullarımızın canı-qanı bahasına dalğalanmasını bütün dünyaya car çəkirdilər. Heç şübhəsiz, cəbhədən gələn ən xırda xəbər, geri qaytardığımız hər qarış torpaq dünya azərbaycanlılarının gücünə güc qatır, onları milli maraqlar və Prezident İlham Əliyev siyasətinin ətrafında daha sıx birləşdirirdi”, - deyə Ş.Həsənova əlavə edib.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan diasporunun birlik və həmrəyliyinin ən yüksək səviyyəsini yaşaması ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməsi və daha yüksək səviyyələrə çatdırılması sayəsində mümkün olub. Bir xalqın diaspor fəaliyyəti onun yaddaş mədəniyyəti olmaqla yanaşı, həm də o xalqın məruz qaldığı travmatik xatirələrinin qloballaşmasının təzahürüdür. Müxtəlif elmi ədəbiyyatlarda diaspor öz Vətəninin taleyini təyin edən sülh danışıqlarında “üçüncü səviyyəli” oyunçu kimi dəyərləndirilirsə, təcrübədə sübut olunur ki, münaqişə meydanından kənarda yerləşən diasporun fəaliyyəti daha tez nəzərə çarpır. Qonşu dövlətin hərbi təcavüzü ilə üzləşən Azərbaycanın diaspor nümayəndələri azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək yaşadıqları ölkələrdə milli maraqlarımızı təbliğ edir, Prezident İlham Əliyevin yürütdüyü siyasi xəttə uyğun olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu azərbaycanlıların məruz qaldığı soyqırımı həqiqətlərini “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində müxtəlif məlumatlandırma tədbirləri vasitəsilə çatdırır ki, bütün dünya erməni vəhşiliyindən xəbərdar olsun. Azərbaycan diasporunun fəal üzvləri yaşadıqları ölkələrin siyasi, mədəni həyatlarında fəal iştirak edirlər. Dünyada 500-ə yaxın diaspor təşkilatımız fəaliyyət göstərir.

“Bu il Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi qalib xalq üçün tarixi, siyasi və mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etdiyi qədər dünyaya verilən olduqca haqlı bir mesaj olacaq. Bütün dünya görəcək dünya azərbaycanlıları dünyanın hansı yerində olmalarından asılı olmayaraq, qəlbləri Vətən, yurd sevgisi ilə döyünür, hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun ayrılmaz bir parçasıdır. Bundan əvvəl keçirilən qurultaylarda Azərbaycanın diaspor fəaliyyəti torpaqlarımızın erməni işğalına son qoyulması istiqamətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından ibarət idisə, V qurultayda diasporumuz qarşısında bütün dünya azərbaycanlılarına tarixi və misilsiz Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan tərəfindən yeni üfüqlər, istiqamətlər müəyyənləşdiriləcək, tövsiyələr veriləcək. Heç şübhəsiz ki, əsas məsələ informasiya müharibəsində mübarizəmizi daha da genişləndirmək, ermənilərin, sadəcə, Birinci Qarabağ müharibəsində deyil, İkinci Qarabağ savaşında da dinc sakinləri hədəf alaraq Gəncə, Bərdə, Tərtər terror hadisələri də daxil olmaqla, törətdikləri bütün soyqırımları və vəhşilikləri dünyaya daha geniş şəkildə çatdırmaq istiqamətində qurulacaq”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

16:15