Pakistanın Hərbi Hava Qüvvələrinin Komandanı Azərbaycanı tarixi qələbə münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Hərbi Hava Qüvvələri (HHQ) Komandanı, Aviasiya Marşalı Zahir Babar Sidhu ilə görüşüb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, görüş zamanı səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qaldığı təxminən 30 il müddətində, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib və buna görə öz təşəkkürünü bildirib.

Zahir Babar Sidhu 2020-ci ilin 8 noyabr tarixində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə münasibətilə Azərbaycan dövlətini və ordusunu təbrik edib, Azərbaycan, Pakistan və Türkiyə hərbi əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil və təlim, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və s. sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri də müzakirə olunub.

 

Qulu Kəngərli
Xudaferin.eu

13:13