Özbəkistan portalları Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadədən yazır

 

Özbəkistanın kultura.uz və uchildiz. uz portalları Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə haqqında özbək türkcəsində məqalələr verib. Həmin yazılarda Səttar Bəhlulzadənin uşaqlıq və gənclik illəri, rəssamlığa həvəsi, təhsil aldığı illər, tanınmış rəssam Əzim Əzimzadənin ona qayğısı və digər məqamlar öz əksini tapıb.

Xalq rəssamı Səttar Bəhlulzadə öz yaradıcılığı ilə rəssamlıqda yeni səhifə açıb. Milli motivlərə söykənən sənətkar özünəməxsus bir üslub yaradıb. Səttar Bəhlulzadənin yaratdığı əsərlər Azərbaycanın gənc rəssamları üçün torpağa məhəbbət, adət-ənənələrə bağlılıq simvoluna çevrilib.

Məqalələrdə rəssamın məşhur “Kəpəzin göz yaşları”, "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Bakıda atəşfəşanlıq", "Suraxanı atəşgahı", “Əmircan", "Neft daşları", Azərbaycanın əsrarəngiz guşəsi olan Quba rayonuna həsr etdiyi “Qudyalçayın yolu”, “Şahdağın ətəyində”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol” və digər əsərlərindən söz açılır. Qeyd edilir ki, rəssamın əsərləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində sərgilərdə nümayiş etdirilib. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Yazılarda Səttar Bəhlulzadənin əsərlərindən illüstrasiyalar da verilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

10:15