Özbək jurnalist: Sanki işğal dövründə Qarabağda güclü zəlzələ və ya sunami olub

Ağdamdan Şuşaya gedərkən yolboyu keçdiyimiz şəhər və kəndlər 30 ilə yaxın işğal altında olarkən ermənilər tərəfindən tam dağıdılıb. Bir salamat bina və ya ev görə bilməzsən. Yaşayış evləri, inzibatı binalar, infrastruktur obyektləri bünövrəsinə kimi sökülüb. Sanki bu ərazilərdə güclü zəlzələ olub və ya sunami keçib bu torpaqlardan. Mənə çox qəribə gəlir, bir xalqın digər qonşu xalqa nə qədər kini, küdurəti və nifrəti olmalıdır ki, yaşayış məskənləri belə hala salınsın.

Bizimlə Qarabağa gedən bir xarici jurnalist elə belə də dedi: “Ermənilər daha bir qəddarlığı, barbarlığı, vəhşiliyi öz tarixlərinə yazdılar”.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində bu yaxınlarda Azərbaycan Prezidenti Administrasiyasının təşkil etdiyi mediatur çərçivəsində Qarabağda və Şuşada olan Özbəkistanın tanınmış jurnalisti, “tnews.uz” portalının baş redaktoru Şərafəddin Tulaqanov deyib.

“Ermənistan işğalından azad edilən torpaqların yolboyu minalardan təmizlənməsi prosesini gördük. Bir neçə yerdə dayandıq, ANAMA-nın əməkdaşları azad olunan rayonlarda minatəmizləmə işləri haqqında məlumat verdilər, minaların zərərsizləşdirilməsi prosesini göstərdilər. Onlar bildirdilər ki, ermənilər minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etmirlər. İki dəfə guya mina xəritələrini veriblər. Bu xəritələr isə həqiqəti əks etdirmir. Xəritələrin cəmi 25 faizi düz çıxır”, - deyə Ş.Tulaqanov bildirib.

O qeyd edib ki, ərazilərin minalanması bərpa və quruculuq işlərinə mane olur. Minaların təmizlənməsi isə uzun bir prosesdir.

Cəbrayıl rayonunda olduqlarını, vəhşiliyi orada da gördüyünü deyən jurnalist bildirib: “Ermənilər qəbiristanlıqları dağıdıb, bütün evləri söküb, daşı, taxtanı tikinti materialı kimi satıblar. Biz Füzulidə tikintisi başa çatan müasir beynəlxalq hava limanına da getdik, burada yaradılan şəraitlə tanış olduq. Bu aeroport regionun inkişafına güclü təkan verəcək. 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının tikilməsi haqqında qərar verib və həmin ayın 14-də aeroportun təməli qoyulub. Hava limanı cəmi səkkiz aydan sonra hazır olub. Biz vətənə qayıtdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla limanın açılışını etdiyini gördük. Türkiyə Prezidentinin təyyarəsi birbaşa Füzulu hava limanına enib”.

Şuşaya “Zəfər yolu” ilə getdiyini qeyd edən jurnalist vurğulayıb: “Necə də gözəl bir məkanda salınıb bu şəhər, insan olan kəs belə bir məkana qıyarmı? Ermənilərin bu qədim şəhərdə törətdiklərini gözlə görmək lazımdır. Bizə şəhərin tarixi haqqında məlumat verdilər, Cıdır düzündə olduq, artıq bərpa olunan güllələnmiş heykəlləri gördük”.

Ş.Tulaqanov müsahibənin sonunda deyib: “Həm Şuşada, həm də digər ərazilərdə bərpa-quruculuq işlərinin şahidi olduq. Əminəm ki, qısa müddət ərzində həm qədim Şuşa, həm də işğaldan azad edilən digər ərazilər əvvəlki şöhrətini qaytaracaq.

Jurnalist səfərlə bağlı göstərdiyi dəstəyə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.

Qulu Kəngərli

Xudaferin.eu

16:52