Ölkə rəhbərindən dələduzlara sərt cavab...

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurları sərt tənqid edib.

www.xudaferin.eu xəbər verir ki, bunların arasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, AZAL-ın prezidenti Cahangir Əsgərov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da var.

Dövlət başçısı adıçəkilən məmurlara lüzumsuz təkliflərinə görə sərt reaksiya bildirib:

"Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı.

İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin.

AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?"

Xudaferin.eu

01:09