Nəriman Qurbanov: Məqsədimiz Azərbaycan və Gürcüstanın iş adamları arasında münasibətləri daha da inkişaf etdirməkdir

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələr inkişaf edir. Lakin hər iki ölkənin iş adamları arasında münasibətlərin daha da möhkəmlənməsinə ehtiyac var. Məqsədimiz bu münasibətləri genişləndirmək və möhkəmləndirməkdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) icraçı direktoru Nəriman Qurbanov deyib.

“Bu gün Gürcüstanda xeyli sayda azərbaycanlı iş adamı qeydiyyatdan keçib. Onlar Gürcüstan iqtisadiyyatına külli miqdarda sərmayə qoyub. Lakin Azərbaycanda fəaliyyət göstərən gürcü iş adamlarının sayı bir qədər azdır. Ona görə də çalışırıq ki, həm iş adamları arasında münasibətləri daha da genişləndirək və möhkəmləndirək, eləcə də birgə müəssisələrin yaradılmasına təkan verək”, - deyə N.Qurbanov vurğulayıb.

Qeyd edək ki, AZEBİ ilə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişafına dəstək veriləcək, iki biznes assosiasiyasının iştirakı ilə birgə layihələr, tədbirlər, görüşlər və seminarlar təşkil olunacaq. |AZƏRTAC/

01:54