Nizami Səfərov: Xocalı faciəsini törədənlərin cəzalandırılmaması Azərbaycana qarşı aparılan ikili standartlardan başqa bir şey deyil

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan çıxışlarında Ermənistan tərəfindən ölkəmizə qarşı müxtəlif səviyyələrdə cinayətlərin törədildiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ermənilər uzun illər ərzində Azərbaycan xalqına qarşı həm insanlıq əleyhinə, həm də müharibə cinayətləri törədiblər.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov “Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində” mövzusunda dəyirmi masada söyləyib.

Azərbaycana qarşı ikili standartlar siyasətinin yürüdüldüyünü bildirən deputat deyib: “1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb və 2002-ci il iyulun 1-də onun qanunları qüvvəyə minib. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərə müharibəyə qədər və ya müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, zorlama, işgəncələr, siyasi, irqi və ya dini səbəblərə görə təqibetmələr aiddir. Xalq olaraq biz bunların əksəriyyətini görmüşük. Beynəlxalq Cinayət Məhkəməsi iddia edir ki, Xocalı faciəsi onun təsis edilməsindən əvvəl törədildiyi üçün Nizamnaməyə əsasən o, bu faciəni törədənləri cəzalandırmaq imkanına malik deyil. Bu, ikili standartlardan başqa bir şey deyil”.

Xudaferin.eu

13:07