Məzahir Əfəndiyev: Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə nümunəvi dövlətə çevrilib

XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının keçdiyi çətin günlərdə xalqımızın müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması kimi qəbul edilən bir tarixi hadisə baş verdi. 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Daha sonra ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edir.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə beynəlxalq arenada nümunəvi dövlətə çevrilib. İldən ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki, Azərbaycan Prezidenti keçirilən bütün yüksək səviyyəli tədbir, konfrans, forumlarda çıxışlar edir, Azərbaycan təcrübəsini və həqiqətlərini dünya ictimaiyyətinə böyük uğurla çatdırır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin cari il oktyabrın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) əməkdaşlığı ilə Ağdam şəhərində keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumunda növbəti məzmunlu çıxışı bir daha Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın təşviqi və gücləndirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin bariz nümunəsidir. Prezident İlham Əliyevin çıxışı, eyni zamanda, müharibədən sonrakı dövrdə müasir çağırışların istiqamətləndirilməsi üçün yeni bir əsas idi. Azərbaycan üçün bu tarixi əhəmiyyətə malik Forumun baş tutması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasətin davamı idi. Belə ki, hələ 2022-ci il iyunun 27-də BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Polşada keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında Prezident İlham Əliyev videoformatda çıxış etmişdi. Dövlətimizin başçısı həmin nitqində ölkəmizin malik olduğu iqtisadi potensialdan, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərindən, habelə Cənubi Qafqazda inkişafa, sülhə və əmin-amanlığa verilən töhfələrdən bəhs edərək görülən işlər kontekstində ekoloji dayanıqlılığın qorunmasını diqqətə çatdırdı.

“Milli Şəhərsalma Forumunda mövzulardan birinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) mövzusuna həsr olunması ilə Azərbaycan bir daha bütün dünyaya sülhsevər olduğunu, imzaladığı və söylədiyi bütün sözlərə sadiq qaldığını, bundan sonra da həyata keçiriləcək bütün tədbirlərin yalnız regionda sülhə, abadlaşmaya, insanların rifahına hədəflənmiş bütün yeni istiqamətlərə xidmət edəcəyini bəyan etdi.

Azərbaycan BMT-nin nümunəvi üzv dövləti olaraq hər il ölkədə DİM-in 17 məqsədini əhatə edən görülmüş işlərə dair illik hesabatlar hazırlayır və 2016-ci ildən etibarən Azərbaycan üç “Könüllü Milli Hesabat”ı hazırlayan aparıcı ölkələrdən biridir. Doğma Qarabağımızın işğaldan azad olunması ilə Azərbaycan bərpa və yenidənqurma prosesində BMT-nin Dayanıqlı İnkişaf Hesabatının DİM11 (Dayanıqlı şəhərlər və icmalar) məqsədində nəzərdə tutulmuş bütün hədəflərə çatmağı, eyni zamanda, bu işlərin 4-cü sənaye inqilabının çağırışları və rəqəmsallaşmanın gətirdiyi yeni texnologiya, innovasiyaların əsasında təşkil olunmasını prioritet elan edib”, - deyə Məzahir Əfəndiyev diqqətə çatdırıb.

Qeyd edib ki, burada əsas məqsəd DİM11 hədəfinə uyğun olaraq dünyada mədəni və təbii irsi qorumaq, mühafizə etmək üçün səyləri gücləndirmək prinsipini rəhbər tutaraq milli və regional səviyyələrdə dayanıqlı inkişafı təmin etmək üçün şəhər, şəhərətrafı və kənd əraziləri arasında müsbət iqtisadi, sosial və ekoloji münasibətləri təmin etmək, çiçəklənən Qarabağımıza Böyük Qayıdış planının əsası olaraq orada yaşayacaq hər bir soydaşımızın bütün sahələrə əlçatanlığını yaratmaqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur”.

Məzahir Əfəndiyevin sözlərinə görə, həyata keçirilən urbanizasiya prosesində Milli Məclis də öz növbəsində yaxından iştirak edərək həm müvafiq qanunvericilik bazasının formalaşdırılması, həm də dünya dövlətləri ilə beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi baxımından görülən işlərə öz əməli töhfələrini verməkdədir.

“Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, Milli Şəhərsalma Forumu çərçivəsində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif ölkəmizə səfər edərək həm dövlətimizin başçısı ilə görüş keçirdi, həm də Forumun işində yaxından iştirak etdi. Hazırda Azərbaycan hökumətinin UN-HABITAT-la faydalı və inkişafa yönəlik əməkdaşlığı formalaşıb. Bu, artıq ondan xəbər verir ki, Azərbaycan şəhərlərinin yenidən qurulması, xüsusilə yeni çağırışları rəhbər tutaraq bərpa və şəhərsalma işlərində əldə edilən təcrübə və layihələrin icrasında tətbiq edilən mükəmməl idarəçilik bu əməkdaşlıq vasitəsilə institutlaşaraq digər dünya dövlətləri, xüsusilə BMT-yə üzv dövlətlər üçün nümunəvi model kimi təqdim oluna bilər.

Bu Milli Forum vasitəsilə BMT öz məsuliyyətini dərk edərək məhz Azərbaycanın haqq, ədalət işində, xüsusilə də BMT əsasnaməsində öz əksini tapmış sülhə çağırış istiqamətindəki fəaliyyətini düzgün dəyərləndirməklə bundan sonra da Azərbaycanın yanında olaraq doğma Qarabağımızda bərpa və yenidənqurma işlərini Azərbaycan hökuməti ilə birlikdə həyata keçirərək, regionda DİM-lərə nail olunmasında mühüm əhəmiyyət kəsb edən işlər görə bilər. İnanırıq ki, Azərbaycan bundan sonra UN-HABITAT-ın təşkilatçılığı ilə yeni forumlar və digər zəruri ola biləcək tədbirlər keçirmək üçün əlaqələndirici statusuna nail olmaqla qarşılıqlı maraqların təmin olunmasına öz fəaliyyəti ilə töhfə verəcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

16:08