Mühəndis qoşunları tərəfindən indiyədək 13 min hektardan çox ərazi minalardan təmizlənib VİDEO ​

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini Türkiyənin hərbi istehkamçıları ilə birgə davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.

Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkarlanaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib.

Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17 min 255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13 min 365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib.

Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb olunub.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.

Xudaferin.eu

 

14:49