Moldova parlamentinin vitse-spikeri: Azərbaycan icması ölkənin rifahı üçün öz töhfəsini verir

Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən paytaxt Kişineu şəhərində diaspor təşkilatımızın illik fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Moldova parlamentinin vitse-spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mixail Popşoy, Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanov, Türkiyə Respublikasının Moldovadakı səfiri Gürol Sökmensüer, Rusiya, Belarus, Ukrayna və digər diplomatik nümayəndəliklərin əməkdaşları, eləcə də Moldovada fəaliyyət göstərən yəhudi, qaqauz, ukrayn və digər icmaların rəhbərləri, üzvləri və çoxsaylı həmvətənlərimiz iştirak edib.
MAK-ın sədri Elçin Bayramov Moldovada ötən il diaspor təşkilatında aparılmış islahatlardan sonra illik fəaliyyətə dair hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, hesabatda MAK-ın il ərzində ölkəmizin, eləcə də Moldovanın əlamətdar günlərinə həsr edilmiş 25-dən çox tədbir, mərasim və marafonların təşkilatçısı olduğunu vurğulayıb, həmyerlilərimizdən ibarət “Qarabağ” adlı futbol klubunun yaradıldığını bildirib, Şura üzvləri istedadlı gənclərdən təşkil edilən MAK-ın ötən illərlə müqayisədə son bir ildə Moldovanın siyasi, sosial və ictimai həyatında uğurla iştirak etdiyini qeyd edib.
Daha sonra tədbirdə ölkə parlamentinin vitse-spikeri, hakim partiya PAS-ın fraksiya sədri Mixail Popşoy çıxış edərək MAK-ın il ərzində gördüyü işləri yüksək qiymətləndirib, öz ölkəsində fəal azərbaycanlı icmasını görməyə şad olduğunu bildirib. Vitse-spiker vurğulayıb ki, Azərbaycan icması Moldovanın ictimai-siyasi həyatında aktivdir və ölkənin rifahına öz töhfəsini verir. Mixail Popşoy, istər 2020-ci ildə prezident seçkilərində, istərsə də cari ildə parlament seçkilərində MAK-ın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, belə istedadlı azərbaycanlı gənclər Moldovanın siyasi, ictimai və mədəni inkişafı üçün vacib şərtlərdən biridir. Vitse-spiker ölkəmizin səfirinin fəal olduğunu bildirərək artıq stabil hakimiyyəti olan Moldovanın Azərbaycanla iqtisadiyyat sahəsində əməkdaşlığının genişləndirilməsində və ölkəsinə azərbaycanlı sərmayədarların cəlb edilməsində maraqlı olduğunu qeyd edib.
Ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək, bir illik fəaliyyətlərində önəmli irəliləyişlərə nail olan, istər Moldovanın ictimai-siyasi həyatında, istərsə də Moldovadakı səfirliyimizdə təşkil edilən tədbirlərdə fəallıq nümayiş etdirən MAK-a təbriklərini çatdırıb, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən həmvətənlərimizə minnətdarlığını bildirib. Səfir MAK-ın Azərbaycan-Moldova münasibətlərinin vacib elementlərindən biri olduğunu qeyd edib, diaspor təşkilatımızın bundan sonrakı fəaliyyəti ilə stabil hakimiyyəti bərqərar olmuş Moldovanın inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib. O, ölkənin hakim partiyasının üzvü olan həmvətənimiz Zamir Qubadovun nümunəsində gələcəkdə daha çox azərbaycanlı gəncləri PAS və digər partiyalara üzv olmağa, qarşıdan gələn 2023-cü ildə bölgələrdə keçiriləcək seçkilərdə fəal iştirak etməyə səsləyib. Bu xüsusda, gənc həmyerlilərimizin Moldovanın ictimai-siyasi həyatında önəmli yerlər tutmağa müvəffəq olmasının ölkəmizin dəyərlərinin Moldova miqyasında təbliğinə xidmət edəcəyini deyib.
Tədbirdə öz növbəsində Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov çoxmillətli Moldovada azərbaycanlı icmanın son bir ildə əldə etdiyi uğurlara və Moldovanın müxtəlif sahələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib, türk, rus, yəhudi, ukrayn, qaqauz, belarus və digər icma nümayəndələrinin tədbirdə iştirakının azərbaycanlı icmanın multikultural dəyərlərə sahibliyinin göstəricisi olduğunu dilə gətirib. O, ötən il MAK-da aparılan əsaslı islahatların bu gün uğurlu bəhrəsini gördüyünü qeyd edərək azərbaycanlı icmaya bundan sonrakı fəaliyyətində uğurlar arzu edib.
Diaspor təşkilatımızın fəal üzvlərindən biri olan Maarif Rəhimov çıxış edərək mədəniyyət beşiyi olan Şuşa şəhərinə, ermənilər tərəfindən misli görünməmiş dağıntılara məruz qalmış Füzuli şəhərinə səfərindən danışıb, azad edilmiş bölgələrimizdə aparılan tikinti, quruculuq və bərpa işlərinin şahidi olduğunu və bundan çox təsirləndiyini bildirib. O, Şuşa səfərindən geri dönərkən özü ilə gətirdiyi torpağı MAK-ın sədri E.Bayramova, Azsərbaycan-Moldova dostluq münasibətlərinin simvolu olaraq azad olunmuş bölgələrimizdə dalğalandırdığı Moldova bayrağını isə MAK-a hədiyyə edib.
Tədbir zamanı Azərbaycan və Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rüfət Quliyevin, Xalq şairi, deputat Sabir Rüstəmxanlının, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyevin vidomüraciəti də səsləndirilib.
Eyni zamanda, tədbirdə Moldovada yaşayan müxtəlif icma rəhbərləri MAK-ın illik fəaliyyətini yüksək qiymətləndirib, MAK-ın istedadlı gənc üzvləri, vətənpərvər həmyerlilərimiz Zamir Qubadov, Ramiz Ənsərov, Yasin Seyidov, Allahverdi Xələfov və digərləri çıxış edərək, gələcəkdə daha da uğurlu işlər görməyə həvəsli olduqlarını bildiriblər.
Tədbirin sonunda MAK tərəfindən bir il ərzində fəal və yorulmadan çalışan, MAK-ın fəaliyyətinə hər zaman dəstək göstərən həmvətənlərimiz fəxri diplomlarla təltif ediliblər.

Emil Hüseynli

Xudaferin.eu

09:52