Moldova mətbuatında erməni silahlı birləşmələrinin Hadrutda törətdikləri təxribat barədə məqalə yayılıb

Moldovanın “AVA”, “Noi”, “IPN” və “Deschide” xəbər agentlikləri Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində erməni silahlı birləşmələrinə qarşı keçirilən antiterror əməliyyatına dair məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi səfir Qüdsi Osmanov noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuzun öldürüldüyü, 2 nəfərin yaralandığı, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçunun həlak olduğu və “Azercell” şirkətinin əməkdaşının ağır yaralandığı barədə məlumat verib. O, bütün bunların arxasında Ermənistanın qanunsuz hərbi birləşmələrinin dayandığını qeyd edib. Səfir bildirib ki, qeyd olunanları nəzərə alaraq, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb.
Məqalədə qeyd edilir ki, atəşkəs razılaşmasının imzalanmasından sonra Azərbaycan tərəfi erməni silahlı birləşmələrinin geri çəkilməsi üçün hər cür şərait yaradıb, həmçinin Rusiya sülhməramlıları tərəfindən də erməni silahlı birləşmələrinin ərazidən çıxarılması üçün lazımi tədbirlər görülüb. Buna baxmayaraq, onlar bu ərazini tərk etməyib, döyüş mövqeləri yaradıb və son günlərdə bölgədəki azərbaycanlı mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törədiblər.
Diplomat ermənilərə Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini xatırlamağı tövsiyə edib: “Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.
Xudaferin.eu

10:59