“Möhtərəm”lər var-dövlət yığır, görməmişlər isə “layk”…

Məlahət Ağacan Rübabə
 
Təsəvvür edin, il 1989, ölkədə mitinqlər, Qarabağ əldən gedir, Azərbaycan 20 Yanvar faciəsinin bir addımlığında, əlindəki təsbehi oynada-oynada “Gənclik” jurnalının redaksiyasına bir kişi xahişə gəlib ki, mən sizin redaksiyanın sürüçüsünün dayısıyam, Əlağanın oğlu olub, istəyirəm bacıoğluya kiçik bir hədiyyə edim, jurnalın üz qabığında yeni doğulan körpəsinin şəklini çap edin…
O zamanlar arvad-uşaq üçün yaşayan, bacıoğlunu düşünən dezertir dayılar, əmilər, xalalar…  tək-tək idi, amma ölkənin azadlığı naminə əlinə silah götürən, mübarizə edən, etiraz mitinqlərinə gedən fədakar insanların sayı milyonlarla  idi.  İndi isə əksinədir, ailəsi, qohum-əqrəbası üçün yaşayan dayıcik, əmicik və bibiciklər… oturublar kompüterin qabağında necə nəsil artırmaqlarının şəkillərini, videolarını yayırlar. Camaat ona görə ayağa qalxmır ki, bir hissəsi əlində telefon 24 saat “namus- qeyrət” keşiyində dayanıb, bir hissəsi də bütün gün kompüterin qabağında oturub özünün,  övladlarının, nəvələrinin, nəticələrinin, kötükcələrinin… yeni şəkillərini paylaşır. Ölkə başçısı ailəsi üçün var-dövlət yığır, internetdən ayrılmayan camaat da ailə şəkilləri üçün “layk”. Gərək  Mark müəllim bizim camaatın paylaşdığı oğul-uşaq, yemək-içmək, ev-eşik şəkillərini nəzərə alıb, onlar üçün “kendini görmemiş hiss ediyor” bəyənmə işarəsi də qoysun, yoxsa görməmiş istifadəçiləri hisslərini dəqiq ifadə etməkdə əziyyət çəkirlər…
Ay qardaş, ay bacı, axı sən özünə siyasətçi, jurnalist, yazar, şair deyirsən, amma statuslarından küftə – bozbaş, pampers, görməmişlik … qoxusu gəlir…
Hər gün intihar, qəza, həbs xəbərləri oxumağı və xəbərin altında intihar edənin, qəzada ölənin, həbs olunanın şəkillərinə soyuqqanlıqla baxmağı, şəklin altında “Allah rəhmət eləsin”, “Allah qapısını açsın” sözlərini yazmağı vərdişə çevirən bir toplum olduq. Nə vaxt ki, ölkənin fədakar insanlarını öz ailəmizin üzvləri kimi sevəcəyik, dəyər verəcəyik, o zaman da ölkədəki həbslərin, qəzaların, intiharların kökü kəsiləcək.
Martın 16-sı gənc və istedadlı yazar Mövlud Mövludun intihar xəbəri yayıldı. Azərbaycan İntihar Mətbuatı heç nə araşdırmadan, dəqiqləşdirmədən bu xəbəri rəngli şəkillərlə, təsirli sözlərlə yaymaqda davam edir.
Sizcə “Bacım bakirə olmasın!” yazanı bu ölkənin “yengələri” sağ qoyardımı?!..
Əvvəllər sözün doğrusunu yazanları blokda güllə ilə, dayanacaqda bıçaqla susdururdular, indi isə hündür binaların damına çıxardıb, aşağı itələyirlər…
Ölkədə namus-qeyrət “müdafıəçilərinin”, nəsil artırmaq üçün yaşayanların sayı o qədər çoxalıb ki, adam qurşaqdan aşağını qorumaqdan, onunla fəxr etməkdən başqa heç nə düşünmür…

Mirzexezer.com

19:51