Misirli jurnalist Azərbaycanda dini və etnik zəmində tolerantlıqdan yazıb

Misirin nüfuzlu “Əl Vəsilə” qəzetində tədqiqatçı-jurnalist Əhməd Abdo Tərabikin “Azərbaycanın milli və dini xüsusiyyətləri” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın qədim və müasir dövrlərdə etnik və dini zəmində tolerantlıq örnəyi olduğu, burada müxtəlif etnik qruplara və inanclara mənsub insanların unikal ahəng və dözümlülük şəraitində yaşadıqları qeyd olunur. Müəllif diqqətə çatdırır ki, ölkəmiz müxtəlif xalqların və etnik qrupların – rusların, kürdlərin, tatarların, tatların, gürcülərin, talışların, avarların, udinlərin vətənidir və müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər, ayrı-ayrı təriqətlərə mənsub insanlar da bütün azadlıqlara və hüquqlara malikdirlər. O, həmçinin vurğulayır ki, Ermənistanın təcavüzünə qədər olan dövrdə Bakı, Sumqayıt və digər şəhərlərdə yaşamış ermənilər də bərabər hüquqlardan istifadə ediblər. Azərbaycan dövləti öz ərazisində yaşayan bütün etnik qrupların dili, mədəni irsi, adət-ənənələrinin qorunmasına qayğı göstərib.
Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Ə.Tərabik yazır ki, 44 günlük müharibədən sonra azad edilmiş Azərbaycan şəhərlərində ermənilərin törətdikləri dağıntılar bütün dəhşəti ilə üzə çıxıb. Hazırda bu şəhərlərdə geniş tikinti-quruculuq işlərinin həyata keçirilməsinin şahidi olduğunu qeyd edən tədqiqatçı diqqətə çatdırıb ki, düşmənin barbarlığına məruz qalmış məscidlər və kilsələrin bərpasına xüsusi diqqət yetirilir. O qeyd edir ki, ermənilər məscidlərdə donuz və inək saxlayıb, minarələrdən isə snayperlər üçün müşahidə məntəqələri kimi istifadə ediblər.
Məqalənin sonunda vurğulanır ki, Azərbaycan etnik və dini müxtəlifliyi tərəqqi rəmzi və tolerant cəmiyyətin həmrəyliyinin rəhni kimi qiymətləndirir. Millətçi şovinist siyasət yürüdən Ermənistan isə öz ərazisində yaşamış digər xalqların nümayəndələrini təqib edib və didərgin salıb. “Əlbəttə, bu cür mənfi tendensiyanı rəhbər tutan bir ölkə qonşuları ilə də dinc yanaşı yaşaya bilməz və istər-istəməz özünü təcrid etmiş olur. İrqçilik, etnik zəmində düşmənçiliklə böyüyən erməni gəncliyi sivil cəmiyyətlərin humanist ideallarına yaddır və bu toplum faciələr yaşamağa məhkumdur”, - deyə Ə.Tərabik yazısına yekun vurub.

Oqtay Bayramov

Xudaferin.eu

10:25