Misir portalı 44 günlük müharibədə Ermənistanın terrorçu mahiyyətindən yazıb

Misirin “Yeni dünya xəbərləri” informasiya portalında 44 günlük müharibə zamanı Ermənistan rəhbərliyinin təcavüzkar və təzadlı siyasəti haqqında məqalə yayımlanıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, yazıda işğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycanın sülhyönümlü diplomatik iradəsindən, rəsmi Yerevanın isə hər dəfə humanitar razılaşmaları pozmasından bəhs edilir.

Məqalədə diqqətə çatdırılır ki, müharibənin gedişində - ötən il oktyabrın 10-da Azərbaycan Ordusu torpaqları azad etdiyi vaxtda Ermənistan atəşkəsə elan edilməsi üçün Rusiyaya yalvararaq müraciət edirdi. Həmin gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi və humanitar atəşkəs məsələsi müzakirə olundu. Lakin erməni silahlı qüvvələri bu razılaşmaya əməl etmədi və Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirdi. Nəticədə 10 mülki şəxs həlak oldu, 34 nəfər yaralandı. Oktyabrın 17-də gecə saatlarında Ermənistan bu şəhərə yenidən ballistik raket atdı, azyaşlılar da daxil olmaqla, 12 dinc sakini qətlə yetirdi, 40 nəfəri yaraladı. İşğalçı dövlətin bu hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və insanlıq əleyhinə cinayət idi. İkinci dəfə - oktyabrın 18-də Fransanın vasitəçiliyi ilə elan olunmuş humanitar atəşkəs də Ermənistan tərəfindən elə ilk dəqiqələrdə pozuldu. Yenə Azərbaycan şəhərləri – Gəncə, Tərtər, Ağdam, Goranboy, Xızı və Ağcabədi raket və bomba hücumuna məruz qaldı, çoxlu sayda mülki şəxs həlak oldu. Nəhayət, üçüncü dəfə ABŞ-ın vasitəçiliyi ilə oktyabrın 25-də elan edilən humanitar atəşkəs də ermənilərin xain xisləti nəticəsində pozuldu. Ermənistan ordusu bu dəfə Azərbaycanın Bərdə şəhərinə “Smerç” raket sistemi ilə hücum etdi və 21 mülki şəxsi qətlə yetirdi.

Yazıda qeyd olunur ki, bütün bu faktlar Ermənistan dövlətinin terrorçu mahiyyətini göstərir. Müharibədə məğlubiyyətə uğradığını görən işğalçı ölkə vəziyyəti daha da gərginləşdirmək və üçüncü dövlətləri münaqişəyə cəlb etmək istəyirdi.

Sonda vurğulanır ki, Azərbaycan bu qeyri-insani əməllərin günahkarlarının beynəlxalq ədalət məhkəməsində cəzalandırılması üçün bütün tədbirləri görəcək. Ermənistanın hərbi əməliyyatlardan uzaqda yerləşən Azərbaycan şəhərlərinə atdığı raket və bombalar 90 mülki şəxsin həlak olmasına, 400-dən çox insanın yaralanmasına, 402 mülki tikilinin, o cümlədən 90 çoxmənzilli yaşayış binasının və 2243 fərdi evin dağılmasına səbəb olub. Bu, erməni vandalizminin bariz sübutudur.

Oqtay Bayramov

Xudaferin.eu

22:18