Misir nəşri: Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupu yaradıla bilər

Misirin geniş oxucu auditoriyasına malik olan “Əl Məsey Əxbar Əl Yom” nəşrində dərc olunmuş məqalədə bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutacağı qeyd olunub.
AZƏRTAC-ın xəbərinə istinadla diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı rəsmi Bakının bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid etdiyini deyib.
Yazıda vurğulanıb ki, daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılmasına dair razılığın əldə olunduğunu xatırladan Prezidentin köməkçisi Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin bu ayın sonunda Moskvada görüşəcəklərini və nəqliyyat-kommunikasiya, delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklərini bildirib.

Oqtay Bayramov

Xudaferin.eu

17:04