Misir mətbuatı IX Qlobal Bakı Forumuna geniş yer ayırıb

Misir mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışı və panel iclasları barədə xəbərlərə geniş yer ayırıb.
Misirin “Əl Diplomasi” portalı AZƏRTAC-a istinadla Prezident İlham Əliyevin Forumdakı nitqinin ərəb dilində tam mətnini yerləşdirib.
Bundan başqa, rəsmi MENA agentliyi, “Əl Əhram”, “Əl Masr Əl Yom”, “Cümhuriyyə” kimi nüfuzlu qəzetlər Azərbaycan Prezidentinin Forumda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul etməsi və Bakı Forumunun “Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı” mövzusuna həsr olunmuş panel iclası haqqında xəbərlər dərc ediblər.
Misirin daha bir nüfuzlu qəzeti olan “Əl Şuruq” isə Forum çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda keçirilən panel iclasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışının qısa xülasəsini dərc edib. Qəzetin materialında diqqətə çatdırılıb ki, H.Hacıyev Azərbaycanın ATƏT-in və BMT-nin üzvü olduğu halda işğala məruz qaldığını, heç bir təşkilat və qurumun Ermənistanı təcavüzkar adlandırmadığını bildirib. O əlavə edib ki, ölkəmiz BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidentinin köməkçisi yalnız üç ölkənin - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının işğalçı Ermənistanla heç bir əlaqə qurmadığını qeyd edib. O vurğulayıb ki, çoxtərəflilik yenidən inkişaf etdirilməli, BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.
Oqtay Bayramov

Xudaferin.eu

19:41