Misir mediası: Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına qətiyyətli cavab verib

Misir mediasında dərc olunmuş məqalələrdə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarında sərhədyanı rayonlarda başlayan təxribatlarına qətiyyətli cavab verdiyi, düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdiyi vurğulanıb. Yazılarda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev son hadisələrə görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Əl Masr Əl Yom” və “Əl Diplomasi” mətbu orqanlarında dərc olunmuş materiallarda vurğulanıb ki, təxribatçı erməni silahlı qüvvələrinə ağır zərbə vuran Azərbaycan, eyni zamanda, sülh çağırışları edərək birtərəfli humanitar atəşkəs təklif edib.

Misir KİV-i onu da diqqətə çatdırıb ki, Ermənistanın təxribatlarının və sərhəddə döyüşlərin başlamasının əsas səbəbi Yerevanda olan revanşist dairələrin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına əngəl törətmək niyyətləridir. Materiallarda, həmçinin Türkiyə rəhbərliyinin Azərbaycanın haqlı mübarizəsinə birmənalı dəstəyi, iki qardaş ölkənin müdafiə nazirlərinin görüşməsi də qeyd olunub.

Oqtay Bayramov

Xudaferin.eu


 

16:49