Milli Məclisin sədri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Fevralın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniyanın dövlət naziri xanım Vendi Morton ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker qonağı salamlayaraq Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib.
Sədr diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Böyük Britaniyanın da yüksəksəviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Bu səfərlər zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə dair bir sıra sənədlər imzalanıb. İstərdik ki, parlamentlər səviyyəsində də intensiv qarşılıqlı səfərlər həyata keçirilsin.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də öz təsirini göstərib. Bu gün ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. O cümlədən Britaniyanın BP şirkətinin Azərbaycanda fəaliyyəti geniş ictimaiyyətə yaxşı məlumdur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Böyük Britaniyanın dövlət naziri Azərbaycana ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Qonaq Azərbaycanda keçirdiyi görüşləri, apardığı müzakirələri yüksək dəyərləndirib.
Vendi Morton Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.
Sahibə Qafarova ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd edərək bildirib ki, hələ 1918-ci ildə müsəlman Şərqində ilk olaraq Azərbaycanda qadınlara seçki hüququ verilib. Sovet dövründə də bu məsələlər o vaxtkı Konstitusiya ilə tənzimlənib, kişi-qadın bərabərliyi təmin olunub.
Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra gender məsələləri ilə yaxından məşğul olmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda Azərbaycanda qadınlar həyatın müxtəlif sahələrində, dövlət idarəetməsində, parlamentdə təmsil olunurlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz genişmiqyaslı fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir və bu məsələlərə böyük diqqət göstərir.
Spiker qeyd edib ki, Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. Parlamentdə bu sahəni tənzimləyən bir sıra qanunlar qəbul edilib. Qadın deputatlarımız gender məsələləri ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, hər iki ölkənin səfirləri Tahir Tağızadə və Ceyms Layl Şarp, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Xudaferin.eu


12:07