Milli Məclisin sədri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

İyunun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Türk Akademiyasının səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Darxan Kıdırəli ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamlayan sədr diqqətə çatdırıb ki, Beynəlxalq Türk Akademiyası yarandığı gündən etibarən türk ölkələrinin elmi inteqrasiyasının gücləndirilməsinə, ortaq irsinin hərtərəfli təbliğinə, türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyətin əlaqələndirilməsinə xidmət edir. Azərbaycan digər türk əməkdaşlıq təşkilatları kimi Beynəlxalq Türk Akademiyasının da fəaliyyətinə önəm verir və onun daha da inkişaf etdirilməsinə çalışır.
Sədr bildirib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələr arasında elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb. Sahibə Qafarova ötən 8 illik dövr ərzində bu sahədə uğurların əldə edilməsində Darxan Kıdırəlinin Beynəlxalq Türk Akademiyasının ilk prezidenti kimi xidmətlərini, həmçinin Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfələrini təqdir edib. Bildirib ki, məhz bu xidmətlərə görə 2017-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Darxan Kıdırəlini “Dostluq” ordeni ilə təltif edib.
Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqdan danışan Sahibə Qafarova Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq hərbi-siyasi vasitələrlə öz torpaqlarını işğaldan azad etməsi regionun geosiyasi mənzərəsini tamamilə dəyişib. Sədr tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına inamını ifadə edib. Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyini xatırladan Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırda böyük quruculuq işləri aparılan Şuşa şəhəri yenidən öz intibah dövrünə qədəm qoyacaq və türk dünyası ədəbiyyatına və mədəniyyətinə dəyərli töhfələr verəcək.
Səmimi sözlərə görə minnətdarlığını bildirən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli 8 il əvvəl bu vəzifəyə seçilərkən də ilk səfərini Bakıya etdiyini xatırlayıb. Qonaq təşkilata rəhbərlik etdiyi dövrdə görülmüş işlərdən danışıb, Akademiyanın fəaliyyətinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya və deputatlara təşəkkürünü ifadə edib.
Azərbaycanın Türk dünyasının birliyində xüsusi rol oynadığını deyən qonaq ölkəmizin Prezident İlham Əliyevin Ali Baş Komandalığı ilə Vətən müharibəsində Zəfərinin bütün Türk dünyasının bayramı kimi qeyd olunduğunu diqqətə çatdırıb. Darxan Kıdırəli Beynəlxalq Türk Akademiyasının 2019-cu ilin yanvarında Azərbaycan ərazilərində türklərin ortaq tarixinə aid maddi və mədəni irsin türk dünyasının mütəxəssislərinin birgə iştirakı ilə araşdırılmasını və nəticələrinin beynəlxalq ictimaiyyətə təqdim olunmasını nəzərdə tutan “Qafqazda Türk izləri” layihəsi çərçivəsində görülmüş və bundan sonra görüləcək işlərdən danışıb. Qonaq ölkəmizdə keçirilən IX Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, Azərbaycanın elm və intellekt mərkəzinə çevrildiyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xudaferin.eu

19:46