Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün İsveçə səfər edəcək

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev noyabrın 30-dan dekabrın 3-nə kimi İsveçin paytaxtı Stokholm şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azay Quliyev ATƏT PA-nın Büro iclasında və digər tədbirlərdə iştirak edəcək. ATƏT PA-nın prezidenti Margareta Sedelfert, ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Ann Linde mandatları çərçivəsində gördükləri işlər və ATƏT məkanında mövcud çağırışlar haqqında büro üzvlərinə məlumat verəcəklər. Azay Quliyev hazırkı beynəlxalq siyasi məsələlər, ATƏT PA-nın 2022-ci ildəki fəaliyyəti və prioritet istiqamətləri ilə bağlı keçirilən müzakirələrdə iştirak edəcək və hər iki məsələ ətrafında Azərbaycanın mövqeyi, xüsusilə postmünaqişə dövrü ilə bağlı görülən işlər və mövcud vəziyyət barədə çıxış edəcək. Deputatımız, həmçinin İsveç parlamentində “Helsinki+50 fəaliyyətə çağırış” mövzusunda təşkil olunacaq dinləmələrdə iştirak edəcək və mövzu ilə bağlı fikirlərini bildirəcək.

Daha sonra Azay Quliyev və digər büro üzvləri Stokholmda keçirilən ATƏT-in Nazirlər Şurasının iclasında müşahidəçi qismində iştirak edəcəklər.

Xudaferin.eu

14:27