Milli Məclisdə Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvləri ilə görüş keçirilib

İyunun 2-də Milli Məclisdə ABŞ-da fəaliyyət göstərən Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvləri - Latviyanın və Toqonun Los-Ancelesdəki fəxri konsulları Juris Bunkis və Grant Artur Goçin ilə görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva İcraiyyə Şurasının üzvlərini salamlayaraq, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsi ilə 30 illik işğala son qoyduğunu diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərdə hazırda sürətli bərpa və quruculuq işlərinin aparıldığını vurğulayan deputat erməni vandalizminə məruz qalan ərazilərimizdə infrastrukturun yenidən qurulduğunu, yolların tikildiyini, dini və mədəni abidələrin bərpa edildiyini bildirib.

Azərbaycanın sülhsevər və multikultural ölkə olduğunu deyən Sevinc Fətəliyeva erməni vətəndaşların hüquq və azadlıqlarının ölkəmizin ərazisindəki digər azsaylı millətlərin nümayəndələri kimi qorunduğunu vurğulayıb.

Ölkəmizdə qadınların idarəçilikdə, parlamentdə, cəmiyyətdə artan rolundan bəhs edən Sevinc Fətəliyeva Milli Məclisin qadın deputatlarının AŞPA-da təmsil olunduğunu da diqqətə çatdırıb. Azərbaycan qadınlarının elm, təhsil sahələrində də müsbət nəticələr əldə etdikləri bildirilib. Qeyd olunub ki, ölkəmizdə qadınların hüquqları qanunla tənzimlənir və qorunur. Gender bərabərliyinin hərtərəfli təmin olunması Azərbaycan dövlətinin başlıca məqsədlərindən biridir. Deputat ölkəmizdə xeyli sayda vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsindən və onların əməli işlər gördüklərindən də danışıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Nigar Arpadarai deyib ki, Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizin regionda söz sahibi olduğunu diqqətə çatdıran Nigar Arpadarai bütün sahələrdə əldə edilən nailiyyətlərdən söz açıb. Azərbaycanın multikultural ölkə olduğunu xatırladan Milli Məclisin deputatı ölkəmizdə azsaylı etnik xalqların mehriban şəraitdə yaşadığını diqqətə çatdırıb.

Ermənistanın törətdiyi vandalizm aktlarından da danışan deputat bunun canlı şahidi olmaq üçün təkcə Ağdamı görməyin kifayət etdiyini vurğulayıb. Qeyd olunub ki, Ermənistan vətəndaşları bu ölkənin işğalçılıq siyasətinin onlara baha başa gəldiyini, ölkə iqtisadiyyatının tənəzzülə uğradığını özləri də başa düşürlər. Azərbaycan isə sülh və dinc yanaşı yaşamanın tərəfdarıdır.

Görüşdə Azərbaycanın zəngin mədəniyyətindən və onun dünyada təbliğindən də bəhs olunub.

Qonaqlar ölkəmizə səfərdən və burada gedən inkişafı öz gözləri görməkdən məmnunluqlarını ifadə ediblər. Onlar Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüblər. Bildirilib ki, ABŞ hökuməti bütün dünyada sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.

Söhbət zamanı regionda davamlı sülhün təmin olunacağına, insanların doğma yurdlarına qayıdaraq təhlükəsiz şəkildə yaşaya biləcəklərinə inam ifadə edilib.

Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən də danışılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Xudaferin.eu

17:04