Malayziyanın Perak ştatı Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır

Malayziyanın Perak ştatı Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikir Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudovun Perak ştatına səfəri zamanı keçirdiyi görüşlərdə səslənib. Səfər çərçivəsində iki ölkə arasında təhsil, turizm, humanitar-sosial təcrübə mübadiləsi, sənaye və investisiya sahələri üzrə müxtəlif qurumların nümayəndələri ilə danışıqlar aparılıb.

Perak ştatının qabaqcıl ali təhsil ocaqlarından olan Sultan Azlan Şah Universitetinin vitse-kansleri professor Nordin Kardi və universitetin müəllim-tələbə kollektivi ilə keçirilən görüş zamanı səfir İ.Davudov ölkəmizdə aparılan təhsil siyasəti, o cümlədən Azərbaycan gənclərinin inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə həyata keçirilmiş “2007-2015-ci illər üzrə Dövlət Proqramı”ndan, eləcə də cari il sentyabrın 30-da dövlətimizin başçısının Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi barədə imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edib. Səfir, eyni zamanda, Azərbaycan-Malayziya münasibətlərində təhsil sahəsində əməkdaşlığının mühüm yer tutduğunu qeyd edərək, iki ölkənin ali təhsil müəssisələri arasında pedaqoji və elmi təcrübə mübadiləsi sahəsində geniş potensialın olduğunu diqqətə çatdırıb.

Vitse-kansler N.Kardi rəhbərlik etdiyi ali təhsil ocağında tədris imkanları, o cümlədən tələbələr üçün yaradılmış elmi-texniki baza, yataqxana və iaşə obyektləri barədə məlumat verib. Azərbaycan universitetləri ilə əməkdaşlıq münasibətlərinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. Bu istiqamətdə əməkdaşlıq münasibətlərinə dəstək məqsədilə qarşıdakı dövrdə müəyyən sayda azərbaycanlı tələbə üçün təqaüd proqramlarının nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib.

Səfir İ.Davudov səfər çərçivəsində Perak ştatının Kral paytaxtı olan Kuala Kanqsar şəhərinin meri Zulqarnain Bin Mohamad, Perak İslam Dini və Malay Ənənələri Məclisinin idarə heyətinin sədri Şahrul Azam Bin Şaari, Malayziya Sənayeçilər Federasiyasının yerli nümayəndəliyinin rəhbəri cənab Chua Kay Lin və ali investisiya qurumu olan Perak Ştat İnkişaf Korporasiyasının (PŞİK) idarə heyətinin sədri Datuk Redza Rafiq Abdul Razak və bu korporasiyanın direktorlar şurasının üzvü Dato Mohd Azmi Bin Hacı Osman ilə də görüşlər keçirib. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. PŞİK nümayəndəsi təmsil etdiyi qurumun investisiya siyasəti, o cümlədən Perakın “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” və “yaşıl kənd təsərrüfatı” sahəsində təcrübəsi barədə geniş təqdimatla çıxış edib.

Səfir öz növbəsində 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verərək, Azərbaycan tərəfindən xarici sərmayədarlar üçün yaradılan geniş imkanlardan danışıb. Həmin ərazilərin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edildiyini bildirib, Perak şirkətlərinin burada həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.

PŞİK nümayəndələri Azərbaycanın investisiya mühitinin öyrənilməsinə, eləcə də həyata keçirilən layihələrdə iştiraka maraq ifadə edərək, Perak ştat şirkətlərinə bu barədə məlumat veriləcəyini bildiriblər.

Qeyd edək ki, Malay yarımadasının qərb sahilində yerləşən Perak ştatı qədim tarixi ilə yanaşı, geniş ehtiyatlara malik qalay mədənlərinin istismarı, turizm, kənd təsərrüfatı, sənaye və xidmət sahələri üzrə Malayziyanın qabaqcıl federal ərazi vahidlərindən biri hesab olunur.

Vüqar Ağayev

Xudaferin.eu

12:59