Los-Ancelesdə Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edilib

Dekabrın 10-da ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş mərasim keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə Kaliforniyanın ən qədim məscidlərindən biri olan İnqlvud İslam Mərkəzində keçirilən mərasimdə Ulu Öndərin Azərbaycanın müstəqil dövlət kimi inkişafında misilsiz rolu barədə danışılıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edərək, onun ən çətin zamanda Azərbaycanı böyük bəlalardan xilas etdiyini, müstəqilliyimizi gücləndirdiyini və ölkəmizin gələcək inkişafının möhkəm əsaslarını yaratdığını bildirib. Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən N.Ağayev bu gün Azərbaycanın ən sürətlə müasirləşən dövlətlərdən olduğunu və qüdrətli Azərbaycanın ötən il öz ərazilərini Ermənistanın işğalından azad etdiyini, tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.
İnqlvud İslam Mərkəzinin sədri Caved Bava çıxışında Azərbaycana bu yaxınlarda Los-Ancelesdən olan digər din xadimləri ilə birlikdə səfər etdiklərini qeyd edərək, səfər müddətində işğaldan azad olunmuş Şuşa və Ağdam şəhərlərini ziyarət etdiklərini və Ermənistan tərəfindən bu ərazilərdə törədilmiş cinayətlərin acı nəticələrilə yaxından tanış olduqlarını bildirib. C.Bava öz multikulturalizmi və dinlərarası harmoniyası ilə dünyaya gözəl bir örnək olan Azərbaycanın bugünkü uğurlarının əsasının müasir Azərbaycanın banisi və qurucusu olan ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.
Sonra Ulu Öndərin ruhuna dualar oxunub.
Mərasimdən sonra ehsan süfrəsi açılıb.

 
Xudaferin.eu

22:30