Litvada Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd edilib

Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin diplomatları, Litvadakı Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və Litva arasında “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən Vilnüsdə keçirilən ixtisasartırma təlimlərinə cəlb olunmuş azərbaycanlı zabitlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyulmasından bəhs edib, şəhid və qazilərimizin canı və qanı bahasına erməni əsarətindən qurtulan rayonlarımızda bu gün Azərbaycanın Dövlət Bayrağının dalğalanmasının qürurverici olduğunu vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib.
Səfir, eyni zamanda, Ermənistan dövlətinin işğal dövründə ərazilərimizdə kəndləri, şəhərləri, bina, məktəb, xəstəxana, tarixi və mədəni abidələri, məzarlıqları və məscidləri kütləvi şəkildə dağıtmasından bəhs edərək, dövlətimizin başçımızın rəhbərliyi və birbaşa nəzarəti ilə Azərbaycanın bu gün öz gücü, qüvvəsi və resursları hesabına Qarabağda aparılan geniş bərpa və quruculuq işləri barədə ətraflı məluma verib, tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən böyük mənəvi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk xalqına və dövlətinə təşəkkürünü bildirib, bu dəstəyin xalqımız tərəfindən heç zaman unudulmayacağını vurğulayıb.
Türkiyə Respublikasının Litvadakı səfiri Gökhan Turan Azərbaycan dövlətini, xalqını və tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, ölkələrimiz arasında sıx tarixi bağlılıq əlaqələrinin və qarşılıqlı dəstəyin mövcudluğundan danışıb, ölkələrimizdən birinin uğurunun digərinin də uğuru olduğunu vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tədbir çərçivəsində “Vətən müharibəsi – 44 günlük müharibə”, “Zəfər Paradı” filmləri, işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Xudaferin.eu

22:45