Əlcəzair portalı Prezident İlham Əliyevin Praqada Azərbaycan televiziya kanallarına müsahibəsi barədə xəbər yayıb

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlərini yayımlayıb.
 AZƏRTAC-ın ərəb dilində xəbərinə istinadla yayımlanan materialda qeyd olunub ki, dövlətimizin başçısı Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsinin ilin sonunadək imzalana biləcəyini bəyan edib. Prezident İlham Əliyev vurğulayıb: “Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik”.

Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı olmadığını bildirərək deyib: “Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”.

Oqtay Bayramov

Xudaferin.eu

14:58