Əlcəzair portalı: Dünya Azərbaycanlılarının V Qurultayı Qarabağın azad edilməsindən sonra diasporun ilk böyük görüşü olacaq

Əlcəzairin “Əl Hərir” portalında Dünya Azərbaycanlılarının V Qurultayı haqqında material yerləşdirilib.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.

Sonda qeyd edilib ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.

Oqtay Bayramov
Xudaferin.eu

13:50