Əlcəzair KİV xarici diplomatların Şuşaya səfərindən yazıb

Əlcəzairin “Əl Hərir” və “Cezair.info” portallarında xarici diplomatların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri haqqında material yayımlanıb.

AZƏRTAC-ın xəbərinə istinadla yayımlanan yazıda qeyd olunub ki, 11 ölkə və dörd qitədən olan xarici diplomatlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə həyata keçirilən “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomatın səfəri zamanı qonaqlar Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılan yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd və qeyri-insani fəaliyyəti nəticəsində vaxtilə işğal altında olan ərazilərdə ciddi mina təhlükəsinin olduğu və minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycan tərəfinə hələ də verilmədiyi, postmüharibə dövründə 200-dən artıq Azərbaycan vətəndaşının, o cümlədən uşaqların və jurnalistlərin mina qurbanları olduğu xarici diplomatların diqqətinə çatdırılıb.

Sonda ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və genişmiqyaslı tikinti işləri ilə tanış olan qonaqlar aparılan fəaliyyətin həcmi və sürətini alqışlayıblar. Onlara torpaqların azad edilməsi ilə bu ərazilərin yenidən dünyanın iqtisadi, mədəni və turistik xəritəsinə geri qayıtdığı və bu günədək Azərbaycan hökumətinin bunun yeganə təminatçısı olduğu bildirilib.

 

Oqtay Bayramov

Xudaferin.eu

13:58