“Əl-Şarq” qəzetində Azərbaycan-Qətər əlaqələrdən bəhs edən geniş müsahibə dərc olunub

Qətər Dövlətinin nüfuzlu “Əl-Şarq” qəzetində Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun Azərbaycan-Qətər ikitərəfli siyasi, iqtisadi, investisiya, mədəniyyət və turizm sahələrində əlaqələrdən bəhs edən geniş müsahibəsi dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsahibədə 2021-ci ildə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli əlaqələr baxımından məhsuldar il olduğu, müxtəlif səfər və görüşlərin keçirildiyi qeyd edilir. Diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında Bakı şəhərində iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, oktyabr ayında Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclası keçirilib, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tanin ölkəmizə səfər edib. Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyəti Qətərə səfər edib, 2022-ci ilin birinci rübündə isə Dohada keçirilmiş 7-ci “DIMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin 20-ci Doha Forumunda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib.
Müsahibədə, regional və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdan məmnunuq ifadə olunduğu, iqtisadi əməkdaşlığın və ticarət həcminin artırılması istiqamətində bir sıra ciddi addımların atıldığı, Qətər Dövlətinə ilk dəfə ixrac missiyasının təşkil olunduğu və hazırda Qətərdən Azərbaycana müxtəlif sahələr üzrə investisiyaların cəlb olunması məsələsinə baxıldığı bildirilir.
Azərbaycan səfirinin müsahibəsində, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələrin icra olunduğu, pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslərin uğurla davam etdiyi, ölkəmizdə Ələt Azad İqtisadi Zonasının yaradılmasının bunun bariz nümunəsi olduğu, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə layiq görüldüyü də qeyd olunur.
Müsahibədə, ikitərəfli mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq, 2021-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında anlaşma memorandumunun imzalandığı, 2021-ci ilin dekabr ayında Qətərin “Katara” Mədəniyyət Şəhərciyində Azərbaycan guşəsinin yaradıldığı və guşədə Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” adlı monumentin açıldığı, 2021-ci il dekabr ayında Qətərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbirin keçirildiyi, 2022-ci ilin əvvəlində Qətərin dünyaca məşhur Şeyx Faysal muzeyində Azərbaycan guşəsinin açıldığı bildirilir. Həmçinin Azərbaycanda mədəniyyət sahəsində əlamətdar hadisələrdən biri olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ildə ölkəmizdə “Şuşa İli”nin qeyd olunması barədə Sərəncam imzalandığı və bu çərçivədə Azərbaycanda silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verilərək, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət ocağı və fəxri, eləcə də Qafqazın mədəni incisi hesab olunduğu diqqətə çatdırılır.

Daha sonra, 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”in bu il mart 27-də qüvvəyə mindiyi və həmin Sazişə əsasən, tərəflərin etibarlı ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının digər tərəfin ərazisinə vizasız daxil ola, tranzit keçə və orada 30 (otuz) gün müddətinə vizasız qala bilmələrinin mümkün olduğu və bunun məhz qısamüddətli səfərlərə münasibətində şamil olunduğu bildirilərək, təhsil və əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən bir tərəfin vətəndaşlarının digər tərəfin dövlətinin milli qanunvericiliyinə əsasən öncədən viza əldə etmələrinin vacibliyi qeyd olunur.

Xudaferin.eu

21:57