Könül Nurullayeva: Brüssel görüşündə Azərbaycanın haqlı mövqeyi təsbit olundu

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşdə bir daha aydın oldu ki, beynəlxalq birlik, o cümlədən Avropa İttifaqı Azərbaycanın yaratdığı reallıqları qəbul edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Aİ-nin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etdiyini vurğulayan deputat deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Digər bir məqam Şarl Mişelin görüşün yekunları ilə bağlı bəyanatında - Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu isə Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir. Brüssel görüşündə də Azərbaycanın mövqeyinə uyğun olaraq 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar (Moskva) və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış oldu. Eyni zamanda, dəmir yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd olunur ki, bu da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı vurğulanır. Görüşdən sonra dövlətimizin başçısı İspaniya mətbuatına müsahibəsi zamanı da qeyd etdi ki, biz sərhədləri açmaq istəyirik”.

Hazırda Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq olduğunu diqqətə çatdıran K.Nurullayeva Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttinin tikintisinə başlanıldığını qeyd edib: “Ən vacib məqam isə budur ki, Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi rəsmi Bakı onları bunun qaçılmaz olduğuna inandıra bilib və Prezident İlham Əliyevin də söylədiyi kimi, onlar da bununla razılaşır. “Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bəyanatdakı daha bir mühüm məqam isə odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil. Bu məsələdə Avropa İttifaqının dəstəyi olduqca vacibdir”.

Deputat bildirib ki, Avropa İttifaqı, eyni zamanda, humanitar minatəmizləmə səylərinə, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək verəcək. "Bütövlükdə Brüssel görüşünün detallarını şərh etsək, Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu söyləyə bilərik", - deyə K.Nurullayeva qeyd edib.

Xudaferin.eu

11:51