Kolinda Qrabar-Kitaroviç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyada sülh və sabitliyin bərpası üçün önəmli layihələr həyata keçirir

Dünyanın tanınmış siyasi liderləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyi ilə bağlı öz təbriklərini çatdırıblar.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təbrik edənlər arasında mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, İsrailin sabiq Baş nazirinin müavini xanım Tzipi Livni, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko kimi tanınmış siyasi liderlər yer alıb.
İsrailin sabiq Baş nazirinin müavini Tzipi Livni bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanı narahat edən problemlərin müzakirəsi üçün öz ətrafında indiki və sabiq ölkə və hökumət rəhbərlərini toplayıb. “Biz hamımız gələcəyi düşünür və eyni dəyərləri bölüşürük. Məmnuniyyətlə öz təcrübəmizdən istifadə edərək daha yaxşı bir dünya formalaşdırmağa çalışırıq”, - deyə Tzipi Livni qeyd edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada, Avropada və Qərbi Balkanlarda sülh və sabitliyin bərpası üçün çoxlu sayda önəmli layihələr həyata keçirdiyini vurğulayan Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç deyib: “Mərkəz qlobal səhiyyə problemləri ilə də yaxından məşğuldur. Buraya təkcə Ümumdünya Səhiyyə Təşkilatı, vaksinasiya proqramı ilə əməkdaşlıq etmək deyil, həmçinin hər kəsin səhiyyə sistemindən yararlanmasının vacibliyinin təbliğ olunması da daxildir. Azərbaycan Prezidenti İlham Əliyevə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyi dəstək üçün xüsusilə minnətdaram”.
Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen hazırda dünyamızın bir sıra çətin sınaqlarla üzləşdiyini bildirib: “Bu gün heç zaman olmadığı kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin əsasında duran tolerantlıq, anlaşma, dialoq və müştərək cəmiyyət kimi dəyərlərə ehtiyac vardır. Gəlin, bir yerdə hamı üçün sülh və dayanıqlı, ətraf mühitin qorunduğu dünya üçün çalışaq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunun əhəmiyyətindən danışan ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hər il dünyanın nüfuzlu sabiq ölkə və hökumət başçıları Qlobal Bakı Forumunda dünyada sülhün və davamlı inkişafın təbliğ edilməsi üçün bir araya gəlirlər.
“Siz bu təşəbbüsü reallığa çevirə bildiniz. Xüsusi ilə, bu çətin zamanlarda sizin səsinizə, mövqeyinizə həmişə olduğundan daha çox ehtiyac var. COVID 19-a qarşı mübarizənin ön cəbhəsində tibb işçilərinə və qayğıkeşlərə həsr etdiyim Nizami Gəncəvi Beynəlxalq Mükafatı-2021-ə layiq görüldüyüm üçün böyük şərəf duydum. Əminəm ki, bizim əməkdaşlığımız daha da inkişaf edəcək və növbəti ildə birgə Ümumdünya Səhiyyə Təşkilatının 75 illiyini qeyd edəcəyik”.
Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə son 7 ay ərzində Ukrayna üçün etdiyi bütün təşəbbüslərinə görə təşəkkürünü bildirib: “Mərkəz yeganə qurumlardandır ki, ilk gündən dünyanın tanınmış siyasi xadimlərini toplayaraq təkcə müzakirələr aparmaqla kifayətlənmir, birgə real addımlar atır”.

Xudaferin.eu

23:05