Kəlbəcərli şəhid anası küçələrdə əl açıb dilənir, Cavid Qurbanov isə

 

Kəlbəcərdən olan şəhid anası günlərdir ki, küçələrdə dilənir. İlyasova Sultan Bəylər qızı nəvəsinin müalicəsi üçün ianə toplamaqdadır. Erməni cəlladlarının əlindən yurd-yuvasından didərgin düşmüş ahıl qadın bu yaşında rahatlıq da görmür. Şəhid anası küçələrdə dilənərək nəvəsini xilas etməyə çalışır. Ancaq Kəlbəcərdən olan deputat, Azərbaycan Dəmir Yolları QSC rəhbəri Cavid Qurbanov bu kimsəsiz anaya qarşı laqeydlik nümayiş etdirir.

"20 Yanvar"dan Qələbə meydanına doğru uzanan magistral yolun kənarında, hasara söykənib oturmuş ağbirçəyin dərdi başından aşır. İnsan ürəyində nə qədər əzablar gəzdirərmiş?  “Balam Tərtərin Marquşevan kəndində şəhid oldu”-deyən ana şəhid ailəsi üzvünün vəsiqəsini təqdim edib. İlyasova Sultan Bəylər qızı 1938-ci ildə Kəlbəcərin Zar kəndində anadan olub. Atası əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır.

"Allah ermənilərin bəlasını versin, o vaxt lənətə gəlmiş ermənilər kəndimizə təpilib, ara qarışanda atamgil Şərurdan didərgin düşüblər və Kəlbəcərə köçüblər. Anamsa Qazaxdan Mirmehdi ağanın qızıdır” - deyir.

Şəhid olan ciyərparalarından da göz yaşı içində danışır: "Aslan, Asim, Akif, Mehdi, Arif Xankişi oğlu... 40 günə 5 oğul itirdik... Balamı bomba göyə uçurtdu, heç meyiti tapılmadı. İndiyə qədər gözləyirəm ki, qayıdacaq”-deyib hönkürür.

Davam edir: Şəhid balamın Asimin balası Elşad 26 yaşındadır. Qaraciyəri yaman gündədir. Burada dilənirəm ki, bəlkə balamın dərmanlarını almağa köməyim dəydi”.

Kəlbəcərin işğalından sonra isə özü Bərdədə, hərbi şəhərciyə yaxın ərazidə yaşadığını deyir. Ardınca bildirir ki, nəvəsinin vəziyyəti ağır olduğundan Hikmət müəllim həkimlərə müraciət edib və onu dərhal xəstəxanaya qaldırıblar: "Mənə general Hikmət Həsənov çox böyük kömək olub. Allah da ona kömək eləsin, içi sən qarışıq!”

General H.Həsənova şəhid anasına kömək edə bilir, amma kəlbəcərli deputat C.Qurbanov yardım əlini uzatmır. Bakının dörd bir yanında villaları olan, maşın kolleksiyaları saxlayan, azı Albalı qəsəbəsində milyonluq malikanəsi olan C.Qurbanovun vəzifəsi tək həmyerlisinə deyil, həm də bir deputat kimi seçiciyə kömək etməkdir. Ancaq düşmənin işğal edib doğma evindən didərgin saldığı şəhid anası bu torpaqlar uğrunda övladını qurban verərkən, fikirləşməyib ki, küçələrdə qalacaq, əl açıb dilənəcək. Bunu heç Allah da götürməz.  

Halbuki, dövlət tərəfindən şəhid ailələrinə ciddi qayğı və dəstək var. Amma yayın istisində Bərdədən Bakıya gələrək dilənən, nəvəsinin müalicəsinə pul yığan şəhid anası bu laqeydliyə, biganəliyə layiq deyil. Dövlətin də, məmurların da, Cavid Qurbanovun da borcudur ki, ona əl tutsun, şəhid övladına kömək eləsin. Ancaq başı milyonları saymağa qarışan, biznesini, saraylarını artıran C.Qurbanovu küçədəki şəhid anasının taleyi görünür ki, maraqlandırmır. Əlbəttə, Albalıdakı villasınsda həftə sonları dincələn, kondisionerli otaqlarında bahalı içkilər içən, lüks maşınlarda gəzən C.Qurbanovun gözündəki eynək ayaqlarının altını görmür. Görsəydi, şəhid anasının yerdə oturub diləndiyinə şahid olardı.

 

Ulus.Az

 

10:05