İtaliya mətbuatı xarici beyin mərkəzləri rəhbərlərinin Bakı konfransından yazıb

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri noyabrın 24-26-da Bakıda, ADA universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans barədə informasiyalar yayıblar.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatlarda Prezident İlham Əliyevin konfrans iştirakçılarının suallarını ətraflı cavablandırdığı qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyev konfrans zamanı Azərbaycan-İtaliya münasibətlərindən bəhs edib, İtaliyanın rəsmi Bakı ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayan Avropa İttifaqına üzv 9 ölkədən biri olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının, həmçinin İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinin həyata keçirildiyini qeyd etdiyi bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev çıxışında TAP boru kəmərinin İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını deyib, təbii qaz ixracının həcminin artırılması üçün bu kəmərin imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Yazılarda bu ilin iyulunda Prezident İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında imzalanan Anlaşma Memorandumuna da toxunulub, sənəddə Azərbaycanın təkcə qaz təchizatçısı kimi deyil, elektrik enerjisi və “yaşıl hidrogen” daxil olmaqla, hidrogen təchizatçısı kimi çıxış edə biləcəyi də qeyd edilib.
Eyni zamanda, Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin əla səviyyədə olduğu, Azərbaycanın öz öhdəliklərinə sadiq qaldığı bildirilib, ölkəmizin rəsmi Romanın yeni hökuməti ilə də strateji əməkdaşlığın davam etdirəcəyinə inam ifadə olunub.

Nihad Budaqov
Xudaferin.eu

21:48