İsveçdə “Bir daha yüksələn bayraq bir daha enməz” mövzusunda videokonfrans təşkil edilib

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası “Bir daha yüksələn bayraq bir daha enməz” adlı beynəlxalq videokonfrans keçirib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirə bir neçə ölkədə yaşayıb fəaliyyət göstərən alimlər və diaspor fəalları qatılıb.

Giriş sözü ilə çıxış edən İsveç̧ Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Respublika Günü münasibətilə qonaqları təbrik edərək azadlıq uğrunda aparılmış mübarizə tariximizdən bəhs edib.

Ardınca mühazirə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarixçi Firdovsiyyə Əhmədova və tarix elmləri namizədi Boran Əziz, Ərzurum universitetinin professoru Gursoy Solmaz, Ukraynada yaşayan alim Fərhad Turanlı və digərləri maraq doğuran faktları bölüşüblər. Davamlı araşdırmalar və tarixi sənədləri əsas gətirən mühazirəçilər 1918-ci ildə yeni yaradılan ölkəmizin üzləşdiyi çətinliklər, ona qarşı yürüdülən siyasət, ikili yanaşmalar buna baxmayaraq, qazanılan uğurlar haqqında ətraflı danışıblar. Mühazirəçilərin sözlərinə görə, həmin dövrdə çətin və keşməkeşli yol qət edən Azərbaycan Xalq Cümhuriyyəti bütün intriqa və planlara baxmayaraq, müxtəlif sahələrdə yenilikçi fikir tərzinə əsaslanaraq gözəçarpan uğurlara imza atıb.

Qeyd olunub ki, sözü gedən illərdə doğma dildə təhsil, ictimai-mədəni sahələrdə qazanılan proqressiv nailiyyətlər, ölkəmizin gələcəyi üçün möhkəm əsas rolunu oynayıb.

Müzakirə formatında davam edən konfransda cari il ərzində müxtəlif mövzularda bir neçə seminarların keçirilməsi qərara alınıb.

Rauf Əliyev

Xudaferin.eu


 

15:44