İstanbul kitab sərgisindəki Azərbaycan bölməsində təqdimatlar

 

36-cı İstanbul Beynəlxalq Kitab Sərgisində ölkəmiz də iştirak edir. TÜYAP sərgi mərkəzində keçirilən sərgiyə 30 ölkədən 700-dək nəşriyyat qatılıb. Milli pavilyonumuzda “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının kitabları yer alıb.

XVIII əsr Azərbaycan poeziyasının parlaq siması Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş mərasim təşkil edilib. Tədbirdə yubiley münasibətilə nazirlik tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitablarının təqdimatı olub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov,  azərbaycanlı və türkiyəli alimlər Mahirə Quliyeva, Gülşən Seyhan Alışık və Eral Alışık, Vaqif şeirlərinin Ukrayna dilinə tərcüməçisi İvan Pavliin çıxış ediblər.

Çıxışçılar Molla Pənah Vaqifin yaradıcılıq üslubu, şeirlərinin məziyyəti, dilindəki rəvanlıq, eləcə də onun dövlət xadimi kimi fəaliyyətindən bəhs ediblər. Sonra Ləman Qarayeva və Cəfər Mustafayev Vaqifin şeirlərindən nümunələr söyləyiblər.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev mərasimdə iştirak edib.

TÜYAP sərgi mərkəzindəki pavilyonumuzda türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib. Təqdimatda millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, tərcüməçi Yurdsevən Şən və başqaları çıxış ediblər.

Türkiyədə yaşayan soydaşımız Sevinc Fıratın rəhbərlik etdiyi “Zəngin Yayınçılıq” nəşriyyatının birgə layihəsi üzrə 2016-cı ildə Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan yazıçı və şairlərin əsərləri Türkiyə türkcəsinə çevrilərək nəşr olunur və yayılır. İndiyədək 8 kitab işıq üzü görüb. Bu sıraya Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Yusif Səmədoğlunun “Qətl günü”, Fərman Kərimzadənin “Qarlı aşırım” əsərləri və Əbdürrəhim bəy Haqverdiyevin iki cilddən ibarət hekayələri daxildir. Hazırda yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsəri türkcəyə çevrilir.

Təqdimatda elm və mədəniyyət xadimləri, ədəbiyyatçılar, azərbaycanlı tələbələr, media təmsilçiləri iştirak ediblər.
 

Xudaferin.eu

Türkiyə, "İstanbul Bürosu"

 

10:13