Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi ŞƏRH

Fransanın koloniyası olan Yeni Kaledoniyada bir neçə gündür davam edən iğtişaşlar Parisin kanak xalqına qarşı apardığı müstəmləkəçilik siyasətinin nəticəsidir. Yerli əhalinin seçki hüququnun pozulması, əraziyə hərbçilərin göndərilməsi, Fransa polisi və jandarma qüvvələri tərəfindən paytaxt Numeada və ətraf ərazilərdə vəhşiliklərin törədilməsi haqlı narazılıqlar doğurub. İlkin məlumatlara görə, son bir neçə gün ərzində aksiyalarda 150-yə yaxın insan həbs edilib və bir neçə nəfər qətlə yetirilib. Özünü demokratiyanın beşiyi adlandıran bir ölkədə 21-ci əsrdə belə vəhşiliklərin törədilməsi Fransanın dövlət siyasətinin xarakterindən xəbər verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

Okeaniyada yerləşən Yeni Kaledoniyanın Fransa qanunları ilə idarə olunduğunu bildirən politoloq deyib: “2020-ci ilin oktyabrında Yeni Kaledoniyada referendum keçirilib və seçicilər yenidən Fransanın tərkibində qalmağa razılıq veriblər. 2021-ci ilin dekabrında keçirilən sonuncu referendumda isə kanak xalqının böyük hissəsi seçkini boykot etdi. Seçkidə iştirak edənlərin böyük əksəriyyəti isə Fransanın bir hissəsi olmağa “hə” dedilər. Yerli əhali seçkinin nəticələrini tanımır və təkrar seçkilərin keçirilməsini tələb edirlər. Fransa dövləti isə buna imkan vermir və ada dövlətini zor gücü ilə öz təsir dairəsində saxlamaq istəyir. Kanak xalqı və siyasi partiyalar müstəqil Kanaki dövləti yaratmaq üçün mübarizələrini davam etdirirlər. Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan xalq milli azadlıq uğurunda mübarizə aparırlar”.

Ramiz Alıyev hesab edir ki, Fransa dövləti kanak xalqının səsini eşitməli və onların haqlarını tanımalıdır: “Təəssüflər olsun ki, müstəqillik tələb edən xalqın maraqlarını təmin etmək əvəzinə Fransa rəsmiləri həm zorakılığa, repressiyalara əl atırlar, həm də xarici ölkələri, o cümlədən Azərbaycanı azadlıq hərəkatını qızışdırmaqda ittiham edirlər. Konkret olaraq Fransanın daxili işlər nazirinin Yeni Kaledoniyada baş verən iğtişaşlarda Azərbaycanın iştirakının olması ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaqdır və cəfəngiyatdır. Fransa rəsmisi bildirib ki, guya Azərbaycan adada Fransa dövləti əleyhinə kampaniya aparır. Nazir bir qədər də uzağa gedərək Azərbaycanı burada yaşayan erməniləri qətlə yetirməkdə, ölkədən çıxarmaqda ittiham edir. Təbii ki, deyilənlər yalandır. Fransanın daxili işlər naziri öz məsuliyyətini azaltmaq üçün “xarici düşmən” axtarışına çıxıb. Amma, eyni zamanda, onu da bildirməliyik ki, Fransa rəsmiləri Azərbaycana qarşı kampaniya aparanda, buradakı erməni separatçılarını qızışdıranda, Ermənistanı silahlandıranda bilməliydilər ki, bizim də Fransaya təsir imkanlarımız var. Fransa ondan xeyli uzaqda yerləşən Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün erməni kartından istifadə edir, burada çaxnaşma salmaq istəyir. Amma indi göründüyü kimi, Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi. Bu baxımdan Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyadakı siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını yüksək qiymətləndirmək lazımdır. Bakı Təşəbbüs Qrupunun aprelin 30-da Vyanada neokolonializm siyasətindən əziyyət çəkən, müstəmləkə şəraitində yaşayan xalqlar üçün təşkil etdiyi forum Fransanı bürüyən azadlıq hərəkatına öz təsirini göstərdi. Əlbəttə, bizim təşkilatlar da Fransada insan haqlarının, siyasi azadlıqların təmin olunmasına dəstək verməlidirlər”.

R.Alıyev qeyd edib ki, Fransa uzun illər ərzində həyata keçirdiyi müstəmləkəçilik siyasətinə görə, həm tarix, həm də məhkəmə qarşısında cavab verməlidir: “Yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, milyonlarla günahsız insanı vəhşicəsinə qətlə yetirmiş bir dövlət başqa bir ölkəni insan haqlarını pozmaqda ittiham edə bilməz. Düşünürəm ki, Fransanın son koloniyaları olan Kanaki, Maohi Nui, Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizəni boğmaq əvəzinə, xalqların tələblərini yerinə yetirməklə özünün tarixi cinayətlərinə görə çəkməli olduğu cəzanın bir hissəsini ödəmiş olar. Bütün dövlətlər, beynəlxalq təşkilatlar Fransaya təzyiq göstərməlidirlər ki, yerli xalqlara qarşı repressiyanı dayandırsın, onların haqlarını tanısın. Xüsusilə də BMT Təhlükəsizlik Şurası beynəlxalq hüququ pozan Fransanın həyata keçirdiyi cinayətlərə görə təcili toplanmalı və baş verənlərə hüquqi qiymət verməlidir”.

Xudaferin.eu

15:33