İsrailli sabiq nazir Azərbaycanı dəstəkləməsinin səbəblərini açıqlayıb

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq, Azərbaycanla bağlı İsrail mediasında maraqlı açıqlamaları ilə yadda qalan Ayub Kara növbəti dəfə ölkə mediasının gündəmini özünə cəlb edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə “Likud” partiyasının namizədi kimi qatılacaq sabiq nazirin bu ölkənin “Israelhayom” saytında “İsrailin sabiq naziri olaraq mən niyə Azərbaycanın tərəfindəyəm” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycana, o cümlədən erməni işğalından azad olunmuş ərazilərə bir neçə dəfə səfər etmiş müəllif bütün soyqırımı və etnik təmizləmə qurbanlarına xüsusi ehtiram bəsləməsi səbəbindən həmişə ölkəmizlə həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb. “Qafqazın Xirosiması” kimi tanınan Ağdamın vəziyyətindən dəhşətə gəldiyini qeyd edən A.Kara orada gördüklərinin ona Birinci Livan müharibəsi zamanı şahidi olduğu qorxunc durumu xatırlatdığını bildirib. İsrailli siyasətçi əslində Qarabağda baş verənlərin Livanda gördüklərindən daha acınacaqlı olduğunu vurğulayaraq bildirib ki, Livanda çaylarda balığa, çöllərdə mal-qaraya rast gəldiyi halda, Qarabağda heç bir canlı ilə qarşılaşmayıb.
Qeyd olunub ki, keçən ilin avqustunda Azərbaycanla Ermənistan hər iki ölkəyə firavanlıq, sülh və rifah bəxş edəcək sülh müqaviləsi imzalamağa çox yaxın olduğu halda, baş nazir Nikol Paşinyan son anda razılaşdırılmış məsələlərdən geri çəkilmək qərarına gəlib, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Bəyanatı pozaraq Azərbaycanın Qarabağın dağlıq hissəsinə olan suveren hüquqlarını tanımaqdan imtina edib. Bunun ardınca cari ilin sentyabrında Azərbaycan ərazisinə etdiyi hücumla 80 azərbaycanlı hərbçisinin ölümünə bais olan Ermənistan bölgəyə daha çox piyada əleyhinə minalar yerləşdirməklə Qarabağ bölgəsini faktiki olaraq yaşayış üçün yararsız hala salıb. Belə ki, son vaxtlar minalardan 260-dan çox azərbaycanlı həlak olub.
Həmin dövrdə erməni diasporunun ölkəmizin Parisdəki səfirliyinə hücum etdiyinə diqqət çəkilən məqalədə, həmçinin qeyd olunub ki, Ermənistanın sərhədlərimizdə başlatdığı təxribatlardan sonra Azərbaycan özünü müdafiə etmək qərarına gələndə mediada və sosial şəbəkələrdə təsdiqini tapmamış, bəzilərinin isə tamamilə yalan olduğu məlumatlar əsasında İsrail dövlətini Azərbaycanla müttəfiqlikdə ittiham edən qərəzli yanaşmalar ortaya çıxıb. Buna misal olaraq qeyd edilib ki, 2022-ci il oktyabrın 13-də “The Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan yəhudisi olaraq duyduğum utanc” sərlövhəli məqalə İsrail və Azərbaycan arasındakı dostluq münasibətlərinə kölgə salmağa cəhd edən təbliğat materialıdır və sözügedən yanaşma aşkar ədalətsizlikdir. Ermənistanı İran İslam Respublikasının “proksi dövləti” adlandıran müəllif İsrailin təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycanın multikultural, plüralist və tolerant ölkə olduğunu diqqətə çatdırıb, Bakıdakı əsas erməni kilsəsinin tarixi irs olaraq qorunub saxlanıldığının, Qarabağda isə erməni kilsəsinin bərpa edilməsinin şahidi olduğunu bildirib.

Xudaferin.eu

21:02