İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur

Amerikalı tarixçi Erik Klayn yazır ki, romalılar qədim İsraildə yəhudi icmasına qarşı etnik təmizləmə aparmaqla Müqəddəs torpağı səhraya çeviriblər. Onlar İkinci yəhudi məbədini dağıdıb qarət edəndən sonra bu hadisə İtaliyada “Tit tağı” adı ilə tarixə düşüb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, israilli jurnalist Raxel Avraam bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qutun Kanadanın nüfuzlu “Thej.ca” yəhudi mediaplatformasına müsahibəsinə ön sözdə yazıb.

Müəllif vurğulayır ki, Mark Tven 1800-cü illərin sonunda Müqəddəs diyarı ziyarət edəndən sonra “Xaricdəki günahsızlar” adlı əsər yazıb. M.Tven həmin əsərdə qeyd edir ki, bu qədər müddət keçdiyinə baxmayaraq həmin torpaqlarda hələ də insan izi görünmürdü, çünki qədim romalıların törətdiyi dağıntıları bərpa etmək üçün sionizm hərəkatı hələ formalaşmamışdı.

Məşhur amerikalı yazıçı deyirdi: “Burada nə şeh var, nə gül-çiçək, nə quşlar, nə də ağaclar. Yalnız düzənlik və baxımsız bir göl, onların arxasında isə barsız-bəhərsiz dağlar görünür. Biz səhraya çevrilmiş ölkədə bir neçə mil məsafə qət etdik. Buranın torpağı yetərincə bərəkətli olsa da, tamamilə alaq basıb. Bütün bu ərazidə cəmi üç nəfər insan gördük. Bu, çox kədərli mənzərə idi”.

Raxel Avraam yazır ki, 2021-ci ilin aprel ayında Arye Qut “İsrael HaYom” qəzetinin müxbiri Şmuel Din Elmas ilə birlikdə Qarabağın işğaldan azad edilmiş rayonlarında olub. Qutun fikrincə, onun həmin rayonlarda gördüyü mənzərə qədim romalıların qədim israillilərə qarşı törətdiklərinə oxşar idi.

Arye Qut müsahibəsində deyir: “Bir neçə həftə bundan əvvəl mən “İsrael HaYom” qəzetinin müxbiri ilə birlikdə ermənilər tərəfindən dağıdılıb məhv edilmiş Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində olmuşam. Biz 1350 kilometr yol getdik. Bu, praktiki olaraq İsrailin Livandan başlamış Eylata qədər bütün ərazisinə bərabərdir.

Həyatımda ilk dəfə idi ki, bu ərazilərə getmişdim. Lap əvvəldən belə təsəvvür yaranırdı ki, bu ərazidə dəhşətli vəba xəstəliyi yayılıb. İşğaldan azad edilmiş ərazidə bircə salamat ev, uşaq bağçası və ya məktəb, kitabxana və ya muzey qalmamışdı.

İşğalçı erməni ordusu vandalizm və qarətçiliklə məşğul olub, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərini yelə-yeksan edib. Əvvəllər küçə və evlərin olduğu yerdə indi yalnız qapı-pəncərə yerləri, onların ətrafına səpələnmiş çərçivələr görünürdü. Xarabalığa çevrilmiş bu ərazi sanki çoxdan tarixə qovuşmuş bir imperiyasının qalıqlarına bənzəyirdi.

Biz işğaldan azad edilmiş ərazilərə səyahət etdik. Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərləri erməni işğalı dövründə dağıdılaraq kabusa çevrilib”.

Ekspert təəssüratlarını bölüşərək deyib: “Vaxtilə əhalisinin sayı 140 minə yaxın olmuş Ağdam rayonu, rayonun mərkəzi Ağdam şəhəri yerlə-yeksan edilib. Buradakı Çörək Muzeyinin xarabalıqlarına da baş çəkdik. Həmin muzey XIX əsrə aid köhnə dəyirmanda tikilmişdi. Əvvəllər bu dəyirman Azərbaycanın mühafizə edilən tarixi görməli yerlərindən biri idi. Bütün Qarabağ kimi Ağdam da öz aqrar nailiyyətləri ilə həmişə məşhur olub. Buranın nadir iqlim şəraiti, bərəkətli torpağı var. Ona görə də təəccüblü və təsadüfi deyil ki, keçmiş Sovet İttifaqında ilk Çörək Muzeyi məhz burada – Azərbaycanın Ağdam şəhərində yaradılmışdı. 30 il müddətində ermənilər tərəfindən amansızcasına, vəhşicəsinə işğaldan sonra bütün şəhər kimi bu bina da xarabalığa çevrilib”.

Qutun fikrincə, romalıların hücumlarından sonra İsrail torpağının barsız-bəhərsiz səhraya çevrilməsinin Mark Tven tərəfindən təsviri ilə onun Qarabağda gördükləri arasında heyrətamiz bir oxşarlıq var. Qut yazır: “Səfər zamanı dəfələrlə özüm-özümə sual verirdim: erməni vandallar və terrorçular nə üçün həyatı sevirmirlər, onlar bütün bu müqəddəs və humanist dəyərləri – muzeyləri, kitabxanaları, məscidləri və kilsələri, azərbaycanlıların qəbiristanlıqlarını hansı ağılla, bilərəkdən məhv edib və murdarlayıblar. İşğaldan azad edilmiş 1350 kilometr ərazidə bu dəhşəti mənzərələri – erməni vandallar tərəfindən dağıdılmış və yandırılmış evlərin və məktəblərin xarabalıqlarını gördük.

Pənahəli xanın məqbərəsində gördüyüm mənzərə mənə emosional baxımdan çox güclü təsir etdi. Ermənilər bu məqbərəni tövlə kimi istifadə edib, orada inək və donuz saxlayıb, daha sonra müxtəlif silahlardan atəşə tutublar. Azərbaycanlı şair Xurşidbanu Natəvanın dağıdılmış məzarını görəndə insanı dəhşət bürüyür.

Ətrafda hara baxsan eyni mənzərədir – ermənilər 27 il ərzində Ağdamda və işğal edilmiş digər rayonlarda Azərbaycan mədəni irsinin izlərini məqsədyönlü şəkildə məhv ediblər.

Onlar azərbaycanlıların bütün qəbiristanlıqlarını dağıdıb və murdarlayıb, məzarları yerlə-yeksan ediblər. Həmin ərazidə çəkilmiş kadrlara baxanda özünüz yəqin edə bilərsiniz ki, ermənilər qəbirüstü abidələrdəki fotoşəkilləri güllə-baran ediblər, sanki dünyasını dəyişmiş azərbaycanlılardan da qorxurdular. Bu, erməni işğalçıların insanlığa nifrət bəsləməsinə, eyni zamanda, qorxaq olmalarına dəlalət edir.

Erməni işğalçıları tərəfindən qarət edilmiş regionlardakı muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, bədii əsərlər, dünyaşöhrətli xalçalar, Azərbaycanın görkəmli xadimlərinin xatirə əşyaları və digər sərvətlər toplanmışdı. Erməni təcavüzkarlar işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv ediblər.

Onlar zəbt edilmiş ərazilərdə yerləşən 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edib və yandırıblar. Nadir tarixi əhəmiyyət kəsb edən 40 min muzey eksponatı qarət edilib, 44 məbəd və 18 məscid murdarlanıb. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4.600.000 (dörd milyon altı yüz min) nüsxə kitab və nadir əlyazma nümunələri məhv edilib”.

Arye Qut Kanadanın nüfuzlu “Thej.ca” yəhudi mediaplatformasına müsahibəsində deyib ki, dağıdılmış Ağdamın ruhlar şəhərini xatırlatması barədə çox eşitdiyini vurğulayıb. O, səfər təəssüratlarını bölüşərək deyib: “Təkcə Ağdam yox, Füzuli, Cəbrayıl və Zəngilan da erməni işğalı nəticəsində ruhlar şəhərinə çevrilib, məhv edilib. Dağıntıların miqyası, ermənilərin qəddarlığı və vandalizmi insanı dəhşətə gətirir. Hazırda dünyanın heç bir yerində erməni vandalizminin, erməni nifrətinin və düşmənçiliyinin nəticələrinin bu qədər əyani nümayişinə rast gəlməzsiniz.

Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanda gördüklərim erməni vandallar tərəfindən törədilmiş hərbi cinayətin real təsdiqidir. Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyan gec-tez beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Xocalıda törədilmiş dəhşətli soyqırımı aktını heç kəs unutmayıb. Mən Xocalıda törədilmiş həmin soyqırımı aktı mövzusunda atamla bərabər “Ağrı” adlı bədii-sənədli roman da yazmışam. Xocalıda dəhşətli fevral gecəsində törədilmiş real hadisələr sənədli videomateriallar, həmin anda Xocalıda olmuş canlı şahidlərin, xarici jurnalistlərin ifadələri ilə təsdiqlənir. Xocalı sakinlərinin yeganə “təqsiri” onların azərbaycanlı olması idi”.

Arye Qut sonda deyib: “Ermənilərin törətdiyi bu vandalizmə və terrorizmə, soyqırımına, bir milyondan çox azərbaycanlının öz əzəli torpaqlarından qovulmasına görə bu hadisələrin təşkilatçıları hərbi canilər kimi cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır”.

Xudaferin.eu

15:58