İsrail mətbuatında Ermənistanın son hərbi təxribatından bəhs olunub

İsrailin ən böyük həftəlik qəzetlərindən olan “Makor Rişon”da ivritçə “Qərbin düşündüyündən fərqli olaraq, Azərbaycanla münaqişədə Ermənistan günahkardır” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə ötən həftə Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi qarşıdurmanın səbəbkarı kimi Azərbaycan ərazisində mina və silah-sursat yerləşdirərək genişmiqyaslı təxribat əməliyyatları həyata keçirən erməni silahlı qüvvələrini göstərib.

Qeyd olunub ki, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistan Azərbaycana qarşı dəfələrlə zorakılıq tətbiq edib və təcavüzkar ölkənin hərbi əməliyyatların dayandırılmasına dair məlum üçtərəfli Bəyanatı dəfələrlə pozması Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərqərar olunmasına ən böyük maneədir. Atəşkəs rejiminin pozulması və gərginliyin artması iki ölkə arasında hərbi münaqişənin yenidən alovlanması və regionda sabitliyin pozulması təhlükəsini yaradır. Məqalədə 2020-ci ilin oktyabrında Azərbaycanın Xəzər dənizi sahilindəki neft yataqlarını Türkiyənin Ceyhan liman şəhəri ilə birləşdirən nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ermənilərin hücumuna məruz qaldığı da qeyd olunub.

Müəllif təəssüf hissi ilə bildirib ki, Qərbdə bir çoxları artıq Azərbaycan və Ermənistan sərhədində reallığı anlamadıqlarını nümayiş etdirərək, zorakılığın son dalğasından sonra Bakını gözdən salmağa üstünlük veriblər. Müəllif hesab edir ki, Azərbaycan da İsrail kimi hərbi cəhətdən düşmənindən daha güclü olması səbəbindən zorakılıqların baş verməsinə görə əsas cavabdeh kimi yanlış və qərəzli ittihamla üzləşir. Bu cür meyarlardan istifadə son dərəcə problemlidir, çünki zorakılığın son mərhələsinin obyektiv tədqiqi nəticəsində aydın olur ki, münaqişəyə görə məsuliyyəti Azərbaycan deyil, Ermənistan daşıyır.

Məqalədə İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzinin Məşvərət Şurasının üzvü, professor Nurşin Güneyin fikirləri də yer alıb: “Bu münaqişəni ermənilərin başladığına şübhə yoxdur. Erməni tərəfi törətdiyi təxribatlarla sülh sazişinin imzalanması prosesinə maneələr yaradır. Təxribat nəticəsində həlak olmuş Azərbaycan əsgərlərinin itkisinə görə çox təəssüflənirik. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqını lazımınca dəstəkləmir”.

“Bütün dünyada insanlar Ukraynaya o qədər diqqət yetiriblər ki, başqa yerlərdə baş verənləri unudurlar. Qafqazda cərəyan edən proseslər həm də o səbəbdən təhlükəlidir ki, Ukraynada olduğu kimi, böyük dövlətlərin iştirak edəcəyi münaqişəyə gətirib çıxara bilər. Ümid edirəm ki, Qərbdəki müttəfiqlərimiz son epidemiyada kimin günahkar olduğunu araşdırmağa başlayacaqlar”, - deyə N.Güney əlavə edib.

Məqalədə Azərbaycanın rus icmasının da Ermənistan rəhbərliyinin hərəkətlərini kəskin şəkildə pislədiyi və beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırdığı diqqətə çatdırılıb.

Xudaferin.eu

22:48