İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialı xalqın rifahının daha da yaxşılaşdırılması üçün geniş imkanlar yaradır

Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir ki, son 18 ildə ölkəmiz dinamik inkişaf edir. Makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, valyuta ehtiyatlarının artırılması, bank sektorunun beynəlxalq standartlara uyğunlaşdırılması sayəsində iqtisadiyyatımızın dayanıqlılığı təmin edilib. Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən 18 ildə ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Statistikaya görə, ölkə iqtisadiyyatında ötən ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatında isə 6,4 faiz artım qeydə alınıb. Sənaye istehsalı artım 5,5 faiz, sənayenin qeyri-neft sektorunda artım 20,7 faiz təşkil edib. Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb. Respublikanın ticarət əlaqələrinin müsbət saldosu 9,4 milyard dollar təşkil edir ki, ölkənin xarici dövlət borcu azalmasına müsbət təsirini göstərib.

2021-ci il bir çox mühüm və əlamətdar hadisələrlə də yadda qaldı. Təbii ki, ən yaddaqalan hadisə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin, yəni, Zəfərimizin ildönümünün qeyd olunması idi. Dünya Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etməyə məcbur oldu, halbuki, münaqişə və müharibədən əvvəl bu barədə danışmaq mümkünsüz idi. Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində vurğuladığı kimi, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. “Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi”, - söyləyən dövlətimizin başçısı qeyd etdi ki, bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi.

Ona görə də müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər.

Məşhur fransız politoloqu Jan Blondelin qeyd edirdi ki, müasir siyasi liderlər öz ölkələrinin daimi inkişafı siyasətini reallaşdırmaq barədə götür-qoy etməməlidirlər. Onlar ancaq belə siyasət aparmalıdırlar, əks halda, məğlubiyyətə düçar olacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev məhz o liderlərdəndir ki, öz ölkəsinin dayanıqlı və davamlı inkişafı yolunda heç bir maneədən və təzyiqdən qorxmur.

Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş bütün torpaqlarda bərpa və quruculuq işlərinə start verildi və qısa zaman kəsiyində Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu istifadəyə verildi. Hazırda 30 ilə yaxın düşmən əsarətində qalan və erməni vandalizmindən əziyyət çəkən Azərbaycan torpaqlarında nəhəng infrastruktur layihələri uğurla davam etdirilir.

İqtisadiyyatın dinamik inkişafı ölkəmizin bölgələrində də müşahidə olunmaqdadır. Ötən il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edən Prezident İlham Əliyev bu məsələni də daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı ölkə iqtisadiyyatının inkişafı üçün böyük imkanlara malik olan işğaldan azad edilmiş ərazilərə 32 dəfə səfər etməsi, orada aparılan bərpa və quruculuq işləri ilə yaxından maraqlanması təsadüfi deyil. Biz bu ərazilərdə daha iki beynəlxalq aeroportun, ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olan və Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolu xəttinin və digər strateji əhəmiyyətə malik obyektlərin açılışının şahidi olacağıq. Uzun illərdir yurd-yuvalarından didərgin salınmış insanlarımız tezliklə bu torpaqlarda yeni həyata başlayacaqlar. Zəngəzur dəhlizindən söz düşmüşkən, yeni reallıqlar fonunda Azərbaycanın artan iqtisadi gücü onu Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Məhz Zəngəzur dəhlizinin açılması ölkəmizin geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, bölgənin, eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da müsbət təsirini göstərəcək. Görülmüş və görülən bütün işlər heç bir ölkədən maddi yardım almadan Azərbaycanın dövlət büdcəsi hesabına aparılır.

Yeni reallıqlar fonunda və gözlənilən böhranlardan qorunmaq üçün daha güclü və qüdrətli olmalıyıq. Bunu hadisələrin dinamik inkişafı tələb edir. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönələn “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub. Proqnozlara görə, 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə isə 4 faiz artım gözlənilir. Həmçinin ayrı-ayrı sektorlarda - kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sektorunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz kimi bir artım proqnozlaşdırılır. Dörd əsas istiqamət üzrə köklənən yeni inkişaf strategiyası layihəsinin məqsədi ölkə iqtisadiyyatını dərindən şaxələndirməklə iqtisadi artımın sürətini və dayanıqlılığını gücləndirmək, bu şərtlər daxilində daha yuxarı gəlirli dövlətlər qrupuna doğru irəliləməkdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdadır. Ölkənin hərbi qüdrətinin artması dövlətin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Odur ki, son illər Azərbaycan Ordusunda baş verən yeniliklər də məhz dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində qazandığımız iqtisadi uğurlara əsaslanır. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə tarix yazdı, xalqımızın 200 illik tarixinin gedişini dəyişdirdi, bizə qürurumuzu qaytardı. Bir sözlə, iqtisadi üstünlük, möhkəm ictimai-siyasi və sosial-iqtisadi təməl, hərbi gücümüz möhtəşəm Qələbəmizi təmin etdi. Müharibə dövründə dövlət-xalq-ordu birliyi bizim əsas silahımız oldu. Müasir hərbi texnikalarla, peşəkar kadrlarla təmin və təchiz olunmuş Ordumuz düşmənə elə bir dərs verdi ki, ermənilər bunu bir daha çətin unudar.

Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmin edilməsi işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.

Yeni strateji dövrdə mövcud olan bütün imkanlar hesabına dövlətimizin qüdrətinin daha da artırılması, ordumuzun daha da gücləndirilməsi, vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bizi Şuşa ilində Böyük Qayıdış, məskunlaşma, yeni strateji obyektlərin istifadəyə verilməsi gözləyir.

Xudaferin.eu

23:24