İraq qəzetində Azərbaycanın Vətən müharibəsi haqqında analitik məqalə dərc edilib

İraqın “Azzaman” qəzetində professor Moataz Əbdülhəmidin Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi haqqında analitik materialı dərc olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı rayonlarımızı azad etməsindən bəhs olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu 44 gün davam etmiş müharibədə Ermənistan üzərində inamlı qələbə qazanıb. Bununla da uzun illər davam edən, torpağın əsl sahibi olan minlərlə azərbaycanlının qətli ilə nəticələnmiş münaqişəyə son qoyulub. Beləliklə, Azərbaycan Ordusu Qələbə qazanaraq təkcə ölkəsi üçün deyil, həm də bütün İslam ümməti üçün böyük dastan yaradıb.

Şübhəsiz, hamı kimi, Azərbaycan xalqının da ordusunun qələbəsinə sevinmək haqqı var. Məhz buna görə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu Böyük Qələbəni əbədiləşdirmək üçün paytaxt Bakının mərkəzində Hərbi Qənimətlər Parkı yaradılıb.

Bu Parkda Azərbaycanın tarixi Şuşa şəhərini məhv etmək üçün Ermənistan tərəfindən oraya atılan “İsgəndər-M” ballistik raketinin qalıqları da sərgilənir.

Müəllif qeyd edib ki, Azərbaycan tərəfinə vurulmuş zərər ərazilərin işğalı və mülki şəxslərin qətli ilə məhdudlaşmır. Təxminın 30 il davam etmiş işğal zamanı ermənilər Azərbaycanın tarixi və dini abidələrini, eləcə də ibadətgahları, o cümlədən 70-dən çox məscidi vəhşicəsinə dağıdıblar.

Professor bildirib ki, Qarabağın azad edilməsi ilə Prezident İlham Əliyev ölkəsindəki qaçqın və məcburi köçkün problemini də həll etmiş oldu. Ərazilər minalardan təmizləndikdən sonra qaçqınlar doğma yurdlarına qayıdacaqlar.

Bu gün Azərbaycan hökumətinin qarşısında dayanan mühüm məsələlərdən və çağırışlardan biri işğal dövründə tamamilə dağıdılmış şəhərlərin və digər yaşayış məntəqələrinin bərpası, bununla da köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunmasıdır. Lakin çox təəssüf ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən qəti şəkildə imtina edir, bu isə ümumi prosesə mane olur. Halbuki, insanların həyatının qorunması, uzun müddət davam etmiş münaqişədən sonra yenidənqurma və bərpa işlərinin sürətlənməsi üçün minalanmış ərazilərin xəritələrinin verilməsi çox vacibdir. Ermənistan Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının yenidən qurulması üçün vacib məsələ olan minaların təmizlənməsi işində əməkdaşlıqdan israrla boyun qaçırır. Odur ki, Azərbaycan hökuməti dünya birliyinin rəsmi Yerevana təzyiq etməsini gözləyir. Bununla yanaşı, Azərbaycan artıq özü ərazilərini minalardan təmizləməyə, həmçinin azad olunmuş kənd və şəhərlərin yenidən qurulmasına başlayıb. Rəsmi Bakı məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmaq əzmindədir. Hazırda bu istiqamətdə bir sıra pilot layihələr də həyata keçirilir.

Beləliklə, müharibə bitib, təxminən 30 il davam etmiş işğala son qoyulub. İndi Azərbaycan xalqı daimi sülh şəraitində yaşamaq istəyir.

 

Rabil Kətanov

Xudaferin.eu

14:37