İqor Korotçenko: Ermənistan özünün qisasçılıq planlarına Avropada və ABŞ-da dəstək tapmağa çalışır

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın Avropada Rusiyaya qarşı “Navalnı sanksiyaları”na analoji olaraq, Azərbaycana qarşı sanksiyalar tətbiq olunması çağırışını şərh edib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, İ.Korotçenko “Vestnik Kavkaza” agenliyinə müsahibəsində Ermənistan səfirinin davranışının respublikanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini və onun müttəfiqlik münasibətləri, xüsusən Rusiya ilə müttəfiqlik münasibətlərinə qarşı olduğunu vurğulayıb.

Xatırladaq ki, Niderlandın “Weekblad Elseveir” nəşrinə müsahibəsində Tiqran Balayan “təqdirəlayiq nümunə” kimi Rusiyaya qarşı “Navalnı sanksiyalarına” istinad edib.

İqor Korotçenko deyib: “Rusiyaya müttəfiq olan ölkənin səfiri buna bənzər bəyanatlarla çıxış edərkən, biz onu siyasi marginal adlandıra bilərik. Təəssüf ki, bu gün Ermənistanda elita və dövlət qulluqçuları arasında siyasi marginallar çoxdur. Bu müsahibə bütövlükdə, millətçiliyin, kobud təbliğatın və siyasi reallığı anlamamağın əyani təzahürüdür”.

Ekspertin vurğuladığı kimi, Ermənistan döyüş meydanında uduzmasına baxmayaraq, Azərbaycan ilə informasiya müharibəsini davam etdirir. 44 günlük müharibə nəticəsində erməni ordusu darmadağın edilib və kapitulyasiya elan edib. İ.Korotçenko deyib: “Bununla belə, biz görürük ki, erməni təbliğatının fəaliyyəti azca da olsa dəyişməyib, o, əvvəlki kimi hücuma keçməkdə davam edir. Buradan çox sadə nəticə çıxarmaq olar: Rusiyaya qarşı “Navalnı sanksiyaları”na analoji olaraq, Azərbaycana qarşı sanksiyalar tətbiq olunması çağırışını edən qüvvələr - qisasçılığın və İkinci Qarabağ müharibəsinin yekunlarına yenidən baxmağın tərəfdarı olan insanlar - yalnız ittiham olunmağa layiqdirlər”.

İ.Korotçenkonun sözlərinə görə, Ermənistan qisasçılıq planlarına Avropa və ABŞ-da dəstək axtarmağa çalışır. Ekspert deyib: “Sanksiyalara belə çağırışlar sadəcə olaraq gülüncdür və Cənubi Qafqazda siyasi proseslərə kəsərli təsir göstərməyəcək. Hər halda başa düşmək lazımdır ki, ordudan fərqli olaraq erməni təbliğatı təslim olmur: bu təbliğatın həm Ermənistanın rəsmi nümayəndələri, həm də erməni diasporu vasitəsilə fəaliyyət mexanizmi hərbi əməliyyatlar dövründə olduğundan da çox aktivləşib. Buna görə də belə bəyanatları izləmək və onlara reaksiya vermək lazımdır”.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru bir məsələyə də diqqəti çəkib ki, Ermənistan Qərbin köməkliyi ilə qisas barədə məsələni qaldırmağa cəhd göstərmək əvəzinə dinc şəraitdə öz həyatını normallaşdırsaydı, daha yaxşı olardı. O deyib: “Ermənistan bu gün ağır maliyyə-iqtisadi vəziyyətdədir, iqtisadiyyat demək olar ki, yoxdur, bütün sahələr bərbad edilib, dövlət borcu çox böyükdür, faktiki olaraq, defolt ərəfəsindəki vəziyyətdən söhbət gedir. Belə şəraitdə Ermənistan üçün yeganə çıxış yolu – Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri, Rusiya ilə məsuliyyətli müttəfiqlik münasibətləri, regional iqtisadi və nəqliyyat layihələrində iştirakdır. İşğalçı siyasəti ilə özünü belə vəziyyətə salan Yerevanın bu vəziyyətdən başqa çıxış yolu yoxdur”.

İqor Korotçenko Ermənistanın beynəlxalq arenada müstəqil oyunçu olmadığından və onun müttəfiqi Rusiyaya qarşı qərbin sanksiyalarına müqavimət göstərməməsindən təəssüfləndiyini də bildirib. Ekspert xatırladıb: “Postsovet məkanında müstəqil siyasət yeridə bilən az ölkə var, onların əksəriyyəti Qərbin maraqlarını bu və ya digər halda nəzərə almağa məcburdurlar. Müstəqil hərəkət etməyi bacaran ölkələr azdır. Real tərəfdaşlar arasında yaxşı, möhkəm iqtisadiyyata və güclü rəhbərliyə malik Qazaxıstan və Azərbaycanın adını çəkməyə dəyər. Bu ölkələr Qərbə məhəl qoymadan öz siyasətlərini yürüdə bilirlər. Sanksiyaların götürülməsi məsələsində AŞPA-da Azərbaycanın Rusiyanı necə dəstəkləməsini misal çəkmək kifayət edər”.

İqor Korotçenko deyib: “Ermənistan siyasi konyunkturdan asılı olan ölkələr sırasına daxildir. Ermənistan 30 ildir deyir ki, guya bizim müttəfiqimizdir. Lakin bizim müttəfiqimiz özünə necə rəva görə bilər ki, hələ Serj Sarkisyan dövründə Yerevanda postsovet məkanında ABŞ-ın ən böyük səfirliyi yaradılsın? ABŞ-ın Ermənistan ilə Rusiya arasında münasibətlərin yaxşılaşdırılmasına səy göstərmədiyi açıq-aydın məlumdur. Bizim müttəfiqimiz Ermənistanın şəhərlərində Corc Sorosun və digər Qərb agentlərinin sponsorluq etdiyi yüzlərlə, bəlkə də minlərlə təşkilatın fəaliyyətinə necə icazə verib? Niyə bizim müttəfiqimiz nasist kollaborasionist Qaregin Njdeyə abidə qoymaqda davam edir? Rusiyanın prinsipial məqamlar üzrə Ermənistana belə sualları olduqca çoxdur”.

“Bu gün Rusiyanın Ermənistan ilə belə məsələlər barədə dövlət səviyyəsində ciddi danışması vacibdir. Çünki onunla, bizim müttəfiqimizlə bağlı kifayət qədər çoxsaylı problemlər var. Yerevanın inadcıllıq etdiyi faşizmin qəhrəmanlaşdırılması, yaxud antirusiya sanksiyalarını pisləməyə belə hazır olmaması kimi məqamlarda, görünür, biz ən azından yaxın vaxtlarda ümumi dil tapmayacağıq”, - deyə “Nasionalnaya oborona” jurnalının baş redaktoru sonda bildirib.

Xudaferin.eu

12:32